BAKU Azərbaycan
14.03 °C

Gənclər Fondu bu günədək 1000-dən çox istedadlı tələbənin təhsil xərcini ödəyib

Azərbaycan Gənclər Fondu (AGF) fəaliyyətinin on illiyi dövründə 5 000-ə yaxın yerli və beynəlxalq layihəni maliyyələşdirib.

Gazette.az xəbər verir ki, bunu Fondun icraçı direktoru Fərid Cəfərli yubiley münasibətilə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, həmin layihələrdən ölkə üzrə 500 mindən çox gənc yararlanıb: "Bundan başqa, müsabiqə əsasında ölkə üzrə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 1 190 istedadlı tələbənin təhsil xərci qarşılanıb, 47 gəncin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr təhsili dəstəklənib. Eyni zamanda 332 gəncin beynəlxalq tədbirlərdə iştirakı təmin edilib, 48 gənc xarici ölkələrdə yerləşən beynəlxalq təşkilatlarda Fond vasitəsilə təcrübə keçib".

F.Cəfərli bildirib ki, hesabat dövründə gənclərin inkişafına yönəlik unikal layihələr həyata keçirilib: "Hər il ölkənin 100-ə yaxın ucqar kəndlərində on minlərlə gəncə dövlət başçısının hayata keçirdiyi gənclər siyasətinin imkanlarının çatdırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtının səmərəli təşkili, dövlətçilik və vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində iş aparılıb. Ölkənin 55 şəhər və rayonunda Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb. Nümayəndəliklərdə son iki il ərzində 200 mindən çox gənc müxtəlif mövzularda təlimlər və layihərə cəlb edilib".