
Biznesmenlərin ölkədən çıxışına nə zaman STOP qoyulur?
Xarici ölkələrə səyahətə və ya digər məqsədlərlə gedən biznesmenlərin qarşılaşdığı aktual problemlərdən biri ölkədən çıxışa STOP qoyulmasıdır. Ölkədən çıxışın qadağan olunmasının müxtəlif səbəbləri ola bilər. Maraqlıdır, biznesmenlərin nə zaman ölkədən çıxışına STOP qoyula bilər?
Hüquqşünas Şamil Paşayev Valyuta.az-a açıqlamasında bildirib ki, şəxslərin ölkədən çıxışına stop qoyulması cinayət və mülki öhdəliklərlə bağlı ola bilər: “Yəni həmin biznesmen barəsində cinayət işi üzrə araşdırılma aparılırsa və ölkə sərhədləri daxilində olması müəyyən edilirsə, eyni zamanda vergi borcu, digər mülki öhdəlikləri varsa, məhkəmə, həmin vergi qurumu və ya Ədliyyə Nazirliyi tərəfindən şəxsin çıxışına stop qoyula bilər”.
“Biznesmen ölkəni tərk etmək istəyəndə sürprizlə qarşılaşır”
Hüquqşünas deyir ki, stopdan müvəqqəti azad olma prosesi konkret yoxdur: “Bu ancaq stop qoymuş müvafiq orqana ölkədən çıxmağın əsaslandırılması ilə bağlı sənəd üçün müraciət etdikdə mümkün ola bilər ki, həmin sənədin nə dərəcədə qəbul olunması sual altındadır. Əslində isə məhkəmə qoyulan bütün məhdudiyyətləri götürə bilməlidir”.
Ş.Paşayevin sözlərinə görə, əgər məhdudiyyət mülki və ya vergi öhdəliyi ilə bağlıdırsa, həmin qurumların rəsmi saytlarından bu haqda məlumat əldə etmək olar: “Lakin hüquq-mühafizə orqanları tərəfindən qoyulan stoplar əksər hallarda görünmür. Nəticədə biznesmen ölkəni tərk etmək istəyən zaman sürprizlə qarşılaşır”.
Biznesmenə qoyulmuş stop əsassız olarsa...
Hüquqşünas qeyd etdi ki, ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərə bu haqda məlumat verilmədiyi üçün çox zaman həmin şəxslər bunu hava limanında öyrənirlər: “Şəxslərə öncədən heç bir xəbərdarlıq edilmədiyi üçün qeyd etdiyim kimi sürprizlə qarşılaşırlar və geri dönmək məcburiyyətində qalırlar. Stop qoyulması prosesi Azərbaycanda ümumən dəyişdirilməlidir. Hüquq-mühafizə orqanları kifayət qədər çoxdur və onların hər biri stop qoya bilmə səlahiyyətinə malikdir. Daha yaxşı olardı ki, stopların qoyulması və götürülməsi yalnız məhkəmə tərəfindən həyata keçirilsin və gizli stoplar olmasın.
Biznesmenə qoyulmuş stop əsassız olarsa, o xərclərinin qarşılanması ilə bağlı məhkəməyə müraciət edə bilər. Qanunvericiliyimiz buna icazə versə də, bu praktikadan Azərbaycanda istifadə olunmur”.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





