Azərbaycan dini-mədəni irsin qorunmasının qlobal müdafiəçisidir

Qlobal miqyasda nüfuz və mövqelərini gücləndirən Azərbaycan bu gün həm də multikultural və tolerant dəyərlərə sadiqliyi ilə dünyanın diqqət mərkəzindədir. Respublikamızın ümumbəşəri dəyərlərin qorunması, dünya mədəni irsinin, tarixi abidələrinin bərpası sahəsində reallaşdırdığı çoxsaylı layihələr bir tərəfdən zəngin multikultural ənənələrə əsaslanırsa, digər tərəfdən yeni dünya nizamının aktual çağırışlarından qaynaqlanır.

Bu gün insan hüquqları üzrə ixtisaslaşmış ən müxtəlif beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə təmin edildiyi, müxtəlif dini qurum və konfessiyalar arasındakı münasibətlərin qənaətbəxş olduğu, dini azlıqların maraq və mənafelərinin qorunduğu, onların dini ziyarətgahlarının əsaslı təmir və bərpa olunduğu razılıqla vurğulanır.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra ölkəmizin dini tolerantlıq, multikulturalizm sahəsində əldə etdiyi uğurların, eləcə də dünya mədəni-dini irsinin bərpasına verdiyi sanballı töhfələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması təbliğati-siyasi baxımdan xüsusilə aktualdır. Bu, ilk növbədə, Ermənistanın ölkəmizə qarşı apardığı əsassız kampaniyanın ifşası baxımından əhəmiyyətlidir. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyəti Azərbaycan ərazilərində xristian dini abidələrinə guya “ciddi təhlükənin olması” iddiası ilə müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən YUNESKO-ya qərəzli müraciətlər ünvanlayıb. İlkin mərhələdə YUNESKO və bəzi Avropa ölkələri bu saxta kampaniyaya qoşulsalar da, rəsmi Bakının adekvat tədbirləri – təqdim edilən əsaslı fakt və sübutlar, əcnəbi din xadimlərinin azad edilmiş ərazilərə səfərləri bu əsassız iddiaların qarşısına ciddi sipər çəkib.
 

Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, digər etnik-dini icmalara, xalqlara qarşı dözümsüzlüklə səciyyələnən monoetnik cəmiyyət yaratmış Ermənistan işğal altında saxladığı ərazilərdə saxta vasitələrlə “erməni izləri” formalaşdırmağa çalışıb. Azərbaycanın tarixi ərazilərindəki qədim alban, pravoslav, müsəlman dini abidələri tamamilə dağıdılıb, onların “qriqoriyanlaşdırılması”na cəhd edilib.

Azərbaycan “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə” 1954-cü il Haaqa Konvensiyasına uyğun olaraq münaqişənin təsirinə məruz qalmış ərazilərinə YUNESKO missiyasını dəvət edib. Məqsəd işğaldan azad edilmiş ərazilərdəki tarixi, mədəni və dini abidələrin vəziyyəti ilə bağlı qurumda obyektiv təsəvvür yaratmaq, Ermənistanın işğalçılıq siyasətinin səbəb olduğu dağıntı və vandalizmin miqyasını bir daha dünyaya göstərmək olub. 30 il müddətində Ermənistanın törətdiyi vandalizm aktlarına, Azərbaycanın bununla əlaqədar çoxsaylı müraciətlərinə laqeydlik nümayiş etdirən Avropanın bir sıra təşkilatlarının, eləcə də YUNESKO-nun azad edilmiş ərazilərdə xristian abidələrinin taleyi ilə bağlı əsassız narahatlıq ifadə etmələri də ikili standartların nəticəsi kimi dəyərləndirilməlidir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın bu gün dünya mədəni irsinə diqqət və qayğı ilə yanaşan, bu sahədə qlobal layihələr həyata keçirən multikultural ölkə kimi tanınmasında Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Ulu Öndərin adını daşıyan Fond Azərbaycanın nüfuzunun möhkəmləndirilməsi, humanist və ümumbəşəri dəyərlərə sadiq dövlət imicinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər icra edir. Ötən dövrdə ölkəmizin paytaxtında keçirilən Ümumdünya mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq humanitar forumları çərçivəsində, habelə Dünya Dini Liderlərinin I Sammiti, MDB Dinlərarası Şurasının iclaslarında, “Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfransda Fondun dünya mədəni irsinin bərpasındakı xidmətləri təqdir edilib, razılıqla vurğulanıb.

 “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Fond ötən 20 ildə ölkəmizdəki katolik, pravoslav kilsələrinin, sinaqoqların təmirinə ciddi töhfələr verib. Eyni zamanda, Vatikan tarixində ilk dəfə Romada müqəddəs Marçelino və Pyotr katakombalarının bərpasına yardım göstərib. Fond, həmçinin Fransada Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayını, Parisdə on dördüncü əsrə aid Notr-Dam, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə dəstək verib.

2009-cu ildə Avropanın siyasi paytaxtı sayılan Strasburqda Kafedral kilsəsinin tarixi şüşələrinin bərpası ilə əlaqədar Fondun təşəbbüsü ilə göstərilən maliyyə yardımının təqdimat mərasimi keçirilib. Strasburq şəhərinin o zamankı meri R.Ris bununla bağlı deyib ki, orta əsrlərin möhtəşəm abidəsi olan Kafedral kilsə Avropa mədəni irsinin bir parçasıdır: “Biz Heydər Əliyev Fondunun ayırdığı maliyyə yardımını gözəl jest kimi dəyərləndirir, Xl əsrə aid qədim tarixi abidənin təmiri məqsədi ilə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk”.

Bu günlərdə Heydər Əliyev Fondu ilə Vatikan şəhəri dövləti üzrə qubernatorluğu ilə imzalanan daha bir müqavilə Müqəddəs Pavel Bazilikasında (Basilica of Saint Paul Outside the Walls) bərpa işlərini nəzərdə tutur. Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. Fondun təşəbbüsü ilə reallaşacaq yeni layihə dünya mədəni incilərinin, bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına növbəti töhfə olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Müsəlman dövləti olmasına baxmayaraq, Azərbaycan bütün səmavi dinlərə, o cümlədən xristianlara aid tarixi abidələrin, dini məbədlərin bərpasında yaxından iştirak edir.

Qeyd edilənlər həm də Ermənistan və onun havadarlarının “azad edilmiş ərazilərdə xristian abidələrinini guya təhdidlə üzləşməsi” ilə bağlı apardıqları kampaniyanın saxta və əsassız olduğunu bir daha sübuta yetirir.

MTM-in (Media Təhlil Mərkəzi) Analitik Qrupu

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR