BAKU Azərbaycan
20.03 °C

Maliyyə naziri: “Qarabağın bərpasında QDTİB-in iştirakını zəruri sayırıq"

“Azərbaycan işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) yaxından iştirakını zəruri hesab edir”.

Gazette.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-QDTİB biznes forumunda maliyyə naziri Samir Şərifov bildirib.

“QDTİB-in kapital ehtiyatlarının digər beynəlxalq maliyyə qurumları ilə müqayisədə az olmasını, daha çox özəl sektorun maliyyələşməsi sahəsində ixtisaslaşmasını nəzərə alaraq Bankı Qarabağ və Şərqi Zəngəzurda yerli və xarici sahibkarların biznes layihələrinə kredit dəstəyi göstərməyə dəvət edirik. Müvafiq hazırlıq işlərinə indidən başlamağı məqsədəuyğun hesab edirik”, – nazir deyib.

O, işğaldan azad olunmuş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasının, yeni beynəlxalq və regional nəqliyyat logistika dəhlizlərinin yaradılmasının və bu imkanlardan səmərəli istifadənin təkcə Azərbaycana yox, bütün region ölkələrinə böyük fayda gətirəcəyinə, regional inkişafa ciddi təkan verəcəyinə əminliyini bildirib.

"Ümidvaram ki, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün QDTİB öz töhfəsini verməkdə davam edəcək”, - S.Şərifov əlavə edib.