BAKU Azərbaycan
31.03 °C

QDTİB: "Azərbaycanda yardımımızdan bəhrələnən 400-dən çox şirkət var"

“Azərbaycanda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) yardımından bəhrələnən 400-dən çox şirkət var. Bizim bankın rolu təkcə maliyyə imkanlarının təmin edilməsindən ibarət deyil. Biz həmçinin nau-hau, konsaltinq xidmətləri kimi işlər də görürük”.

Gazette.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-QDTİB biznes forumunda Bankın vitse-prezidenti Həsən Dəmirxan bildirib.

O, gələcək planlar haqqında danışarkən ötən illərdəki təcrübələri də xatırladıb: “Əgər biz indi işimizin şaxələndirilməsindən danışırıqsa, o zaman yeni strukturların yaradılması da vacibdir. Eyni zamanda, yerli valyutanın maliyyələşdirilməsi də nəzərdən qaçmamalıdır. Bu, xüsusilə iqtisadiyyatı bir məhsuldan, məsələn neftdən, qazdan asılı ölkələr üçün vacibdir. Azərbaycan iqtisadiyyatına nəzər salanda görürük ki, neft-qaz ÜDM-nin 50%-dən artığını təşkil edir. Bu faiz həm ixracatda, həm də büdcəyə daxilolmalarda müşahidə olunur”.

H.Dəmirxan yerli valyutanı dəstəkləməyə çalışdıqlarını da deyib: "QDTİB olaraq hər zaman yerli valyutanın dəstəklənməsinə çalışırıq. 2019-cu ilin avqustunda biz beynəlxalq maliyyə qurumları arasında ilk olaraq Azərbaycanın yerli valyutasına yardım göstərdik. Bu yardım təxminən, birja vasitəsilə 10 milyon Azərbaycan manatı məbləğində olmuşdu. Bu müsbət əks-sədasını aldığımız gözəl bir təcrübə idi”.