BAKU Azərbaycan
23.03 °C

Azərbaycanın qeyri neft-qaz sektoruna investisiyalar 15 %-dək artıb

Bu ilin yanvar-may aylarında əsas kapitala 4 milyard 915,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 % az vəsait yönəldilib.

Gazette.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,6 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,6 % artıb. İstifadə olunmuş vəsaitin 2 milyard 829,6 milyon manatı və ya 57,6 %-i məhsul istehsalı sahələrinə, 1 milyard 799 milyon manatı (36,6 %-i) xidmət sahələrinə, 286,9 milyon manatı (5,8 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 657,3 milyon manatını və ya 74,4 %-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 534,4 milyon manatı və ya 71,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52 %, büdcə vəsaitləri 34,4 %, əhalinin şəxsi vəsaitləri 6,8 %, sair vəsaitlər 5,1 %, bank kreditləri isə 1,7 % təşkil edib.