BAKU Azərbaycan
18.03 °C

Azərbaycan sənaye istehsalı 5 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 13,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çox sənaye məhsulu istehsal edib.

Gazette Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,4 %, qeyri-neft-qaz sektorunda isə 20,8 % artıb.

Sənaye məhsulunun 72,9 %-i mədənçıxarma sektorunda, 22,4 %-i emal sektorunda, 4,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 17,8 % artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 5,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, tikinti materiallarının istehsalı 83,8 %, elektrik avadanlıqlarının istehsalı 78,2 %, mebel istehsalı 75,9 %, hazır metal məmulatlarının istehsalı 53,6 %, kimya sənayesi məhsullarının istehsalı 48,3 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 44,5 %, maşın və avadanlıqların istehsalı 43,3 %, əczaçılıq məhsullarının istehsalı 42,6 %, metallurgiya sənayesi məhsullarının istehsalı 41,8 %, kompüter, elektron və optik məhsulların istehsalı 39,6 %, poliqrafiya məhsullarının istehsalı 37,0 %, neft məhsullarının istehsalı 25,4 %, kağız və karton istehsalı 24,6 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,2 %, qida məhsullarının istehsalı 14,1 %, geyim istehsalı 12,3 % artmış, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 9,7 %, tütün məmulatlarının istehsalı 10,3 %, toxuculuq sənayesi məhsullarının istehsalı 11,2 %, içkilərin istehsalı 15,6 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 27,8 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,8 % artıb.