
İdmanın bu gün əldə etdiyi uğurların təməlində Ali Baş Komandanın güclü siyasi iradəsi dayanır
Azərbaycan idmançıları bu gün tatamiyə, döşəyə, rinqə, müxtəlif arena və meydanlara artıq Qalib ölkənin idmançıları kimi çıxırlar.
Azərbaycanda idman sahəsi 1997-ci ildən etibarən tamamilə yeni eraya, yeni mərhələyə qədəm qoydu. Bu gün Azərbaycanı dünyanın sayılıb-seçilən, hörmət edilən ölkəsinə çevirən Müzəffər Prezidentimiz cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ölkə idmanının tarixinə əlamətdar hadisə kimi yazıldı. Ölkə başçımızın idman və bədən tərbiyəsinin inkişafı, tərəqqisi istiqamətində həyata keçirdiyi işləri, uzunmüddətli prespektivə hesablanmış layihələri Azərbaycanın idman sahəsində bu günkü uğurlarını şərtləndirdi. Görülən işlər çox qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. Əlbəttə ki, idmançılardan yüksək nəticələr tələb edilirsə ilk növbədə onlar üçün müasir tələblərə cavab verən şərait yaradılmalıdır. Bu mənada ilk növbədə maddi-texniki bazanın günümüz səviyyəsində qurulması prioritet kimi qəbul edildi.
Çox qısa zamanda Azərbaycanın demək olar ki, əksər bölgələrində müasir tələblərə cavab verən olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başlandı. Görülən işlər əlbəttə ki, Azərbaycanın dünyadakı idman imicinin yüksəlməsinə rəvac verdi. Bu gün idmanın bütün sahələrində qazanılmış uğurlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda dövlət idman siyasətinin düzgün qurulduğunu bir daha təsdiq edir. Ürəyi Vətən sevgisi ilə coşub-daşan idmançılarımız Respublikamızın idman şərəfini uca tutur, istənilən beynəlxalq səviyyəli turnir və yarışlarda, Avropa, Dünya çempionatlarında, böyükdən-kiçiyə hər kəsin dörd ildən bir səbrsizliklə gözlədiyi Olimpiya oyunlarında üçrəngli bayrağımızı göylərə qaldırır, dövlət himnimizi səsləndirirlər. Düzgün aparılan siyasət nəticəsində beynəlxalq idman qurumlarının ölkəmizə marağı artır.
Bura ölkə idmançılarının yarışlarda əldə etdikləri uğurlu nəticələrlə yanaşı Müzəffər Prezidentimizin rəhbərliyi ilə idmana göstərilən yüksək dövlət qayğısını qeyd etməliyik. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası regionun lider dövləti kimi öz tarixinin ən şərəfli, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ümummilli liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi siyasət bu gün onun layiqli varisi- Müzəffər Prezident cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam və inkişaf etdirilir. Bütün sahələrdə olduğu kimi ölkə idmanı da, tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan idmançıları bu gün tatamiyə, döşəyə, rinqə, müxtəlif arena və meydanlara artıq Qalib ölkənin idmançıları kimi çıxırlar.
Bu günlərdə 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edən Ölkə başçısı cənab İlham Əliyev Azərbaycan idmançılarının son illər ərzində qazandıqları parlaq qələbələrə diqqət çəkdi. Bu görüş bir daha qəti şəkildə nümayiş etdirdi ki, Azərbaycan idmanının bu gün əldə etdiyi uğurların təməlində Müzəffər Ali Baş Komandanın güclü siyasi iradəsi dayanır. Azərbaycan xalqı bundan sonra da ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarımızdan böyük uğurlar, nailiyyətlər gözləyir, onları yeni-yeni qələbələrə səsləyir!
Mahir İsmayılov
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





