BAKU Azərbaycan
18.03 °C

Karlo Ançelotti Çempionlar Liqasında yeni rekorda imza atıb

İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

63 yaşlı mütəxəssis buna qitənin bir nömrəli klub turnirində 5-ci dəfə finala yüksəlməklə nail olub.

Madrid təmsilçisi İngiltərənin "Mançester Siti" klubunu yarımfinal mərhələsinin cavab oyununda əlavə vaxtda 3:1 hesabı ilə məğlub edib. "Kral klubu" səfərdə rəqibinə 3:4 hesabı ilə uduzub.

Daha əvvəl Aleks Ferqyuson, Marçello Lippi və Yurgen Klopp hərəyə 4 dəfə finalda mübarizə aparıb.

Ançelotti 2003, 2005, 2007-ci illərdə İtaliya "Milan"ında, 2014-cü ildə isə "Real Madrid"də finala vəsiqə qazanıb. İtaliyalı baş məşqçi yalnız 2005-ci ildə İngiltərə "Liverpul"una 3:3 hesabı ilə bitən görüşün penaltilər seriyasında uduzub - 3:2.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında "Liverpul"la üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.