BAKU Azərbaycan
15.03 °C

Prezident İlham “Gənclik” parkının açılışında iştirak edib – FOTO

Avqustun 26-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər.

GAZETTE xəbər verir ki, bir zamanlar baxımsız ərazi olan bu ərazi yenidən qurularaq Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib.

Gənclik parkı 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb. Bir sözlə, sakinlər və qonaqlar parkda asudə vaxtlarını səmərəli keçirə biləcəklər.

Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb.

“Gənclik parkı”nın tərtibatı zamanı hər bir detal xüsusi zövqlə hazırlanıb. Burada təqdim olunan “Ürəklər” kompozisiyası paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm edir.

Burada bağlı və açıq futbol meydançaları inşa olunub. Parkda ziyarətçilər üçün piknik məntəqələri də var. Qaçış üçün cığırlar, eləcə də velosiped yolları parkın idmansevərlərin də ən çox üz tutduqları məkana çevriləcəyindən xəbər verir.

Park ərazisinin genişliyi nəzərə alınaraq istirahət edən şəxslərin rahatlığı üçün müvafiq məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırılıb. Ərazinin ən görməli yerlərindən biri də parkda yaradılan göldür.