
Azərbaycan Tibb Universitetində beynəlxalq endouroloji konqres keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında I Türk Dövlətləri Endouroloji Konqresi və Azərbaycan Endouroloji Cəmiyyətinin III Konqresi öz işinə başlayıb.
Konqresin ilk günü panel iclasları və praktiki təlimlər təşkil olunub. İlk panel iclasının moderatorları – dosent Elçin Əfəndiyev və Niyaməddin Əhmədov tədbirin əhəmiyyətindən danışaraq, bu beynəlxalq elmi platformanın türk dövlətləri arasında uroloji sahədə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Çıxışlarda müasir tibbin, o cümlədən urologiyanın sürətlə inkişaf etdiyi, robotik və laparoskopik cərrahiyyə sahələrində mühüm nailiyyətlərin əldə olunduğu diqqətə çatdırılıb. Belə elmi toplantıların Azərbaycanda bu istiqamətlərin inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə və xüsusilə rezidentlərin nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsinə töhfə verdiyi bildirilib.
Birinci panel sessiyasında Nehmət Beyqiyevin “Prostat vəzinin xoşxassəli hiperplaziyasının müasir cərrahi müalicəsi: göstərişlər və əks-göstərişlər” mövzusunda məruzəsi dinlənilib. Bununla yanaşı, tibb üzrə fəlsəfə doktoru Anar Əhədovun rəhbərliyi ilə prostat vəzinin transuretral rezeksiyası üzrə praktiki təlim (Hands-on Training) təşkil olunub.
İkinci panel sessiyasında Seyidəli Həmidli “Sidik axarı daşlarının kontakt litotripsiya üsulları: göstərişlər və əks-göstərişlər, erkən fəsadların profilaktikası” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra Pərviz Nəsirovun rəhbərliyi ilə lazer ureterolitotripsiyası üzrə praktiki təlim keçirilib.
Konqresdə nüfuzlu uroloq-mütəxəssislər, tanınmış alimlər və bu ixtisas üzrə təhsil alan rezidentlər iştirak ediblər. Tədbir çərçivəsində müasir müalicə metodları, cərrahi yanaşmalar və klinik təcrübələr ətrafında fikir mübadiləsi aparılıb, beynəlxalq əməkdaşlığın və multidissiplinar əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





