Ramil Babayev: “Bizə dilənçi kimi baxırdılar” – MÜSAHİBƏ

0
160

Dünya əhalisinin 10 faizini fiziki məhdudiyyətli insanlar təşkil edir. Lakin əlilliyi olan insanların tək problemi fiziki cəhətdən məhdudiyyətli olmaları deyil. Onlara daha çox ətraflarında olan insanların münasibəti təsir edir. Əlilliyi olan şəxslərə “yazığı gələn” və onları fiziki qüsurlu olaraq qəbul edən insanların münasibəti, davranışı bu şəxslərə mənəvi cəhətdən mənfi təsir göstərir.

Amma cəmiyyət inkişaf etdikcə özlərində güc tapan və  özünü ictimaiyyətin bir fərdi olaraq təsdiq edən fiziki məhdudiyyətli şəxslərin sayı artır. Onlar fiziki məhdudiyyətlərin qüsur olmadığını və cəmiyyətə yararlı olduqlarını hər kəsə sübut edir.

Belə gənclərdə biri də Boccia milli komandasının idmançısı Ramil Babayevdir.

Gazette.az “Oxu.az”-a istinadən Boccia İdman Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr katibi jurnalist Nərmin Kazımovanın Boccia üzrə milli komandanın BC-3 kateqoriyası üzrə idmançısı Ramil Babayevlə müsahibəsini təqdim edir:

– Ramil, xoş gördük sizi! Özünüz barədə məlumat verin. Sizin sağlamlıq probleminiz nə ilə bağlıdır? Neçə yaşından başlayıb?

– Mən 4 avqust 1983-cü ildə Bakıda anadan olmuşam. Ələt qəsəbəsində böyümüşəm. Əvvəllər məni görəndə qulaq dartırdılar. Səbəbini anlamırdım. Yaxud kimsə uşağına “ondan uzaq ol!” deyirdi. Amma indi dəyişib, cəmiyyət inkişaf edib. 

Mənim xəstəliyim miopatiya – əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşayiət olunur. Əzələ hüceyrələrində proseslərin və genetik inkişafın pozulması, infeksiya, iltihab və başqa səbəblərdən üzə çıxa bilər. Miopatiyalar iki böyük qrupa bölünür: anadangəlmə miopatiyalar və sonradan qazanılmış miopatiyalar.

Məndə ağır dərəcəli anadangəlmə miopatiyadır. Bu xəstəlikdə əzələlər zəifləyir, bədən formasını itirir, ayaq hissədən dabandan yuxarı qalxır, qarın irəli gələrək şişir. Xəstəliyim təzə bilinəndə çox otura bilmirdim, ayaq üstə duranda isə yorulurdum.

11 yaşına kimi normal uşaqlar kimi məktəbə getmişəm, 11 yaşımdan sonra məndə xəstəlik olduğunu bilmişik.

– Bu xəstəlik irsidir?

– İrsi də ola bilər. Amma müalicəsi olmayan xəstəlikdir.

– Araba neçə yaşınızdan həyatınızın bir parçasına çevrildi?

– 19 yaşından etibarən arabadayam, əvvəllər güclə yeriyirdim, indi isə ümumiyyətlə, yeriyə bilmirəm.

– Bu, sizə psixoloji təsir edirdi? Ailəniz məsələyə necə münasibət göstərirdi?

– Əlbəttə, təsir edirdi, təsəvvür edin, biz gəzməyə çıxanda gətirib 20 qəpik pul verirdilər bizə. Bir dəfə biri belə hərəkət edəndə, saxladım, dedim ki, siz bir baxın, düşünün, o 20 qəpiyi verməklə siz mənə psixoloji təsir edəcəksiniz və mənim illərim boşuna gedəcək!

Necə deyim? Mən illərlə cəmiyyət arasına çıxmaq üçün özümü psixoloji hazırlayıram, ancaq kimsə gəlib iki dəqiqədə bunu alt-üst edir. Amma artıq əlil arabasından utanmıram!

– Bocciaya necə başlamağınızdan danışın.

– Mən hər zaman fəal olmuşam, musiqi ilə məşğul olurdum. Ancaq heç vaxt tək harasa getməmişdim, hər zaman yanımda ailəmdən kimsə olurdu, bocciaya qatılana kimi.

Boccia ilə ilk dəfə sosial şəbəkə vasitəsilə tanış oldum, Kamal Məmmədov (Paralimpiya Komitəsinin baş katibi) paylaşım etmişdi. Maraqlandım, sual verdim və qoşulmaq istədiyimi söylədim.

Açığı, hələ şərait olmadığını və azyaşlı uşaqlar üçün olduğunu söylədilər. Amma qatılmağı çox istəyirdim, çünki boccia ağır kateqoriyalılar üçün əla fürsətdir.

Bir müddət sonra İlham Məhərrəmov (Boccia İdman Federasiyasının baş katibi) mənə zəng etdi və görüşmək istədiyini söylədi. Sonra özü şəxsən mənim dalımca Ələt qəsəbəsinə, evimizə gəldi. Ailəmlə, mənimlə tanış oldu, boccia haqqında məlumat verdi və məni 1 saylı Peşə Reabilitasiya Mərkəzinə dəvət etdi. 

Orada Rəhilə xanımla tanış oldum. Getməyə tərəddüd edirdim, çünki indiyə kimi tək başıma köməksiz heç yerdə qalmamışdım, gəzməmişdim. İlham müəllim mənə stimul verdi, həqiqətən, “Qorxma, tək deyilsən!” deyərək yanımda oldu.

Mərkəzlə tanış olarkən orada tikiş kursları, kompüter kursları ilə rəssamlıq, oyma işləri, dizayn, aşpaz, bərbər kursları olduğunu öyrəndim. Bilirsiniz, bu, bizim kimi fiziki məhdudiyyəti olan şəxslər üçün əla şansdır. Ölkəmizdə belə şərait olduğu üçün sevinirəm.

İlham müəllim Boccianın böyüklər üçün yaradılacağını söylədi və mənim kimi bir çox gənclər də qatılmağa başladı. Beləliklə, Boccia yarandı. Boccia Mərkəzi 2014-cü ildən fəaliyyət göstərirdi, ancaq 2018-ci ilin 18 mart tarixindən rəsmi olaraq fəaliyyətə başladı.

– Davamlı olaraq məşqlər edirdiniz?

– Bizim mütəmadi olaraq mərkəzdə məşğuliyyətlərimiz olurdu, ancaq boccia, dediyim kimi, bizə aid yaradılmış oyundur. Hər gün səhər yeməyindən  sonra məşqlərimiz başlayır. Məşqlər iki növbədə keçirilir.

– Bocciadan öncə hansı işlə məşğul olmusunuz?

– Məktəb illərimdə dərnəklər olurdu, tədbirlər keçirilirdi, orada ifalar edirdim. Toylara da çağırırdılar.

– Ödəniş əsasında?

– Bəli, ödəniş əsasında çağırırdılar, ya da “şabaş” deyilən anlam var idi. Məsələn, mən demirdim, nə qədər ödəniş alacam, onlar da “şabaş”a oxuyacaqsan” deyirdilər.

– Boccia sizə nə qazandırdı?

– Əminəm ki, bu sualı mənə deyil, komandanın istənilən idmançısına versəniz, birinci İlham Məhərrəmovun adını çəkərlər. Çünki bizim kimi şəxslər üçün inam yaşam, mübarizə, uğur deməkdir və təəssüflər ki, bir çoxumuz federasiyaya üz tutanda nəinki ətrafımızda bizə inanan insanlar yox idi, hətta biz özümüz də tərəddüd içində idik.

Belə bir vəziyyətdə bizi uğura inandıran, motivasiya verən və ən əsası, bizə inanan, güvənən insan məhz İlham Məhərrəmov olub. Onun dəstəyi ilə əvvəl özümüzə, sonra isə ətrafımızdakı hər kəsə sübut etdik ki, fiziki məhdudiyyətlərimiz uğur qazanmağımıza mane deyil, əksinə, bizə mübarizə gücü verir.

İlham müəllim bu gün də bütün komanda üzvlərinin təcrübəli müəllimi, yaxın dostu və ən böyük dəstəkçisidir.

Uşaq yaşlarımdan idmana xüsusi marağım olub. Amma hər zaman özümü idman üçün yararsız hesab etmişəm, çünki fiziki problemlərim mənim hər hansı idman növü ilə məşğul olmağıma mane olurdu.

Boccia ilə tanış olduqdan sonra, əslində, idman sahəsində uğur qazana bildiyimi gördüm. Bu, mənim üçün əvəzolunmaz hiss idi. Artıq özünə güvənən, uğurları ilə qürur duyan, həyatı və ən əsası, özünü sevən idmançı Ramil Babayevəm.

– Bu gün fiziki məhdudiyyəti olan bir şəxs kimi sizi hansı problemlər narahat edir?

– İllər öncə dediyim kimi, tək harasa getmirdim, amma indi tək işlərimin arxasınca gedirəm, problem odur ki, bizim üçün pandus çox yerdə nəzərdə tutulmayıb.

“BakuBus”larda bəzi hallarda sürücülər enib bizim üçün pandusu açırlar, amma elə hallar da olur ki, bunu etmirlər. Hətta bəzən bizim üçün avtobusu belə saxlamırlar. Bu kimi hallar həllini tapsa, daha yaxşı olar.

Qeyd edək ki, insan amilini xüsusi diqqətdə saxlayan dövlətimiz əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyasını ildən-ilə gücləndirməyə çalışır. Məhz Azərbaycan Respublikası qanunvericiliyinin mövcud ümumi bazası əlilliyi olan şəxslərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla, əlillərin sosial müdafiəsinə xidmət edir. Lakin cəmiyyətin üzvü olaraq biz də fiziki məhdudiyyətli şəxslərə diqqət və qayğı göstərməli və onların özlərinə olan sevgi və inamına zərbə vuracaq düşüncəsiz davranışlar sərgiləməməliyik.

Boccia idman növü haqqında

İlk dəfə İtaliyada yaranmış boccia idman növü bütün ağır kateqoriyalı (uşaq serebral iflici, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar üçün nəzərdə tutulub. Boccia 1984-cü ildən Paralimpiya Oyunlarının proqramına daxil edilib və 50-yə yaxın ölkədə sürətlə inkişaf edib.

Azərbaycanda boccianın inkişafına və fiziki məhdudiyyətli şəxslərin bu idman növünə cəlb olunmasına isə altı il əvvəl başlanıb.

2013-cü ildə Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən ölkəmiz üçün yeni olan bu idman növünün təbliğinə başlanılıb və 1 saylı Peşə Reabilitasiya Mərkəzində boccia üzrə milli komanda yaradılıb.

2018-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə rəsmi olaraq Boccia İdman Federasiyası yaradılıb. Vüqar Əsgərov Azərbaycan Boccia İdman Federasiyasının vitse-prezidenti, Boccia idmanı üzrə baş məşqçi vəzifəsində çalışmış İlham Məhərrəmov isə baş katib vəzifəsinə təyin edilib.

2014-cü ildən yarışlarda iştirak edən boccia üzrə milli komandamız beş dəfə Seni Cup Çempionatında, üç dəfə İspaniyada, iki dəfə İtaliya və bir dəfə Xorvatiyada keçirilən yarışlarda, həmçinin, Belarus və İsraildə təlim-məşq toplanışında iştirak edib. Yeni yaranmasına baxmayaraq, hazırda komanda bir qızıl, altı gümüş medal qazanıb.

Federasiyada milli komandanın üzvləri və işçi heyətindən əlavə, 2019-cu il 17 avqust tarixindən rəsmi təsdiq olunan “Boccia Könüllüləri” də fəaliyyət göstərir.