Moldova millisinin sabiq baş məşqçisi “Neftçi”yə təklif olunub

0
223

Moldovalı baş məşqçi Aleksandr Spiridon “Neftçi”yə təklif olunub. 

Gazette.az xəbər verir ki, bu barədə 60 yaşlı mütəxəssisin agenti Arkadi Zaporojanu məlumat verib.

O, paytaxt təmsilçisinin Spiridondan imtina etdiyini və Füzuli Məmmədova üstünlük verdiyini söyləyib. Agent hazırda təcrübəli mütəxəssisin Ukraynanın “Dinamo” (Kiyev) komandasında çalışmasının mümkünlüyünü əlavə edib. 

Zaporojanu deyib ki, Roberto Bordinin qışda istefaya göndərilməsindən sonra xalq komandası “Neftçi”ni onun köməkçisinə etibar etmək riskli qərar olardı. Bir tərəfdən, mövsümün ortası idi, üstəlik, komandada qeyri-sağlam ab-hava hökm sürürdü. Lakin zaman göstərdi ki, Füzuli Məmmədov öz işinin öhdəsindən yaxşı gəlir. Oyunda sabitlik yaranmış və ən əsası keyfiyyət artmışdı. Bu isə çempionatı son 5 ildə ən yaxşı sayılan yenə ikinci pillədə başa vurmağa imkan verdi”. 

Agent “Neftçi”yə xarici baş məşqçinin, o cümlədən Spiridonun dəvət olunmamasının səbəbindən də danışıb. Zaporojanunun fikrincə, bu məsələdə iki amil – koronavirus və maliyyə vəziyyəti əhəmiyyətli rol oynayıb: “Birinci amil Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyinatında da təsirini göstərdi. Bunu təyinatın 4-5 ay gecikməsindən görmək olar. İkinci amil isə komandanın oyun keyfiyyətinə ciddi təsir edə bilər. Əcnəbilər əksər hallarda yerlilərdən bahalı olurlar. “Neftçi”də isə büdcə ardıcıl ikinci mövsümdür azaldılıb. Bunu hətta transferlərdən də görmək mümkündür. Təzə oyunçular faktiki yeni adlardır”.

Bununla belə, agent “Neftçi”nin seleksiya işində irəli getməməyin gərəkliyini vurğulayıb: “Əlbəttə, hamı kimi mən də yeni tapıntıların timsalında istedadlarını açan keyfiyyətli oyunçuları görməkdən şad olaram. Bunu bizə Avropa Liqasındakı ilk oyunlar göstərəcək”. 

Öz növbəsində, “Neftçi”nin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev “Report”a açıqlamasında kluba Spiridonla bağlı təklifin gəlmədiyini bildirib: “Ötən mövsümün ortalarında və indi baş məşqçi axtarışında olmamışıq ki, bizə hansısa mütəxəssis təklif olunsun. Roberto Bordinin gedişindən sonra da hansısa təklif gəlməyib. Əvvəlcədən qərar verilib ki, Füzuli Məmmədov mövsümün axırına qədər komandada olacaq və ümumi vəziyyətə baxılacaq. Mövsüm bitəndən sonra isə qərar verildi ki, onunla yola davam ediləcək. Baş məşqçi axtarışında olmamışıq və heç kiminlə də danışıq aparmamışıq. Biz axtarış etməmişik ki, bizə də təklif göndərsinlər”. 

Qeyd edək ki, Aleksandr Spiridon son olaraq, 2018 – 2019-cu ildə Moldova millisinin baş məşqçisi olub. O, 2004 – 2016-ci illərdə Ukraynada “Şaxtyor” (Donetsk) komandasında, 2016/2017 mövsümündə isə Rusiya “Zenit”ində baş məşqçi Mirça Luçeskunun köməkçisi olub. Luçesku bu gün Kiyev “Dinamo”suna baş məşqçi təyin olunub.