
Azərbaycan–Çexiya iqtisadi əlaqələrində yeni mərhələ
Çex Respublikasının Baş naziri Andrey Babişin bu günlərdə ölkəmizə səfəri bir çox tarixi məqamlarla yadda qaldı. Ölkə başçısı cənab İlham Əliyev səfər zamanı mətbuata verdiyi bəyanatında Azərbaycan ilə Çex Respublikası arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə xüsusi diqqət yetirdi və konkret təkliflərin artıq müzakirə mərhələsində olduğunu qeyd etdi. Dövlət başçısı nitqində bildirdi ki, iqtisadi sahədə həyata keçiriləcək işlərlə bağlı hər iki tərəf arasında aydın və praktik təkliflər mövcuddur.
Çexiyadan Azərbaycana yüksək səviyyəli nümayəndə heyəti ilə yanaşı, böyük sayda iş adamlarının gəlməsi əməkdaşlığın real iqtisadi müstəviyə keçdiyini göstərir. Bu çərçivədə keçirilən biznes-forum yeni işgüzar əlaqələrin qurulması və mövcud layihələrin daha da genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Bu gün Azərbaycanın əsas hədəflərindən biri ticarət dövriyyəsinin həcmini daha da artırmaqdır. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon dollardan çoxdur və bu göstərici əvvəlki illərlə müqayisədə artım dinamikası nümayiş etdirir.
Lakin dövlət başçısı vurğulayıb ki, mövcud struktur tam balanslı deyil və əsasən Azərbaycanın neft ixracı bu dövriyyədə üstünlük təşkil edir. Məqsəd ticarət əlaqələrinin daha tarazlı və şaxələndirilmiş strukturunun formalaşdırılmasıdır. Bu isə yalnız enerji sektoru ilə məhdudlaşmadan, sənaye, kənd təsərrüfatı, texnologiya, nəqliyyat və investisiya sahələrində də əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Möhtərəm Prezidentin sözlərinə görə, bu istiqamətdə həm ikitərəfli görüşlərdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müzakirələrdə bir sıra konkret iqtisadi və sərmayə yönümlü layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bəyanatda diqqət çəkən məsələlərdən biri də mövcud potensialın düzgün dəyərləndirilməsi nəticəsində Azərbaycan–Çexiya iqtisadi əlaqələrinin daha dayanıqlı və çoxşaxəli inkişaf mərhələsinə keçə biləcəyi olmuşdur. Bu da gələcəkdə həm ticarət dövriyyəsinin artmasına, həm də yeni investisiya layihələrinin həyata keçirilməsinə şərait yaradacaqdır.
Nəcibə Abdullayeva
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





