Səmimi dostluq münasibətlərindən strateji müttəfiqlik əlaqələrinə

Oktyabrın 20-də Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlığın yeni dinamik mərhələsini nümayiş etdirir. Bu səfər həm diplomatik görüşlər, həm də mühüm regional və beynəlxalq nəticələr doğuran sənədlərin imzalanması ilə yadda qalıb. Dövlət başçılarının mətbuata bəyanatlarında səsləndirilən fikirlər münasibətlərin sarsılmaz dostluq, qarşılıqlı hörmət və ortaq mənəvi dəyərlər üzərində qurulduğunu bir daha təsdiq edir.

İşğal dövründə Qazaxıstan Azərbaycanın beynəlxalq təşəbbüslərinə dəstək verməklə, ədalət prinsiplərinin qorunması istiqamətində mühüm mövqe sərgiləyib. Mətbuata bəyanatında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük.

Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə həm sülh prosesinə verdiyi dəstəyə, həm də Azərbaycanın beynəlxalq mövqeyinə verdiyi dəyərə görə təşəkkürünü ifadə edib. Xüsusilə, Vaşinqtonda imzalanan sülh sazişinin paraflanmasından sonra Qazaxıstanın bu məsələyə münasibəti qardaşlıq əlaqələrinin bariz nümunəsidir. Prezidentlər arasında baş tutan telefon danışığı zamanı əldə olunan razılaşmaların detalları paylaşılarkən, Qazaxıstanın səmimi münasibəti və sülhün bərqərar olmasına yönəlik mövqeyi yüksək dəyərləndirilib.

Astanada keçirilən görüşlər çərçivəsində Cənubi Qafqazda sülhün möhkəmlənməsi, nəqliyyat-logistika imkanlarının genişlənməsi və iqtisadi əməkdaşlığın dərinləşməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər regional sabitliyin və qarşılıqlı etimada əsaslanan mühitin daha da gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, müasir dövrün çağırışlarına uyğun olaraq iqtisadi əməkdaşlığın daha çevik və innovativ mexanizmlərlə təkmilləşdirilməsi barədə razılıq əldə olunub. Sözügedən bəyanatında Prezident İlham Əliyev vurğulayıb ki, bu gün sahə nazirliklərinin hesabatlarını, həmçinin gələcək planları dinlədik: “Təbii ki, qarşılıqlı fəaliyyətimizi necə intensivləşdirmək lazım olduğuna dair öz əlavə təlimatlarımızı verdik. Bizim eşitdiklərimiz məmnunluq hissi doğurur. Çünki nəzərdə tutulanların hamısı yerinə yetirilir. Diqqət yetirilməsi və dövlət başçılarının iştirakı tələb edilən məsələlər olduqda, təbii ki, bu, bizim daimi nəzarətimiz altındadır”.

Azərbaycan və Qazaxıstan xalqları uzun əsrlər boyu formalaşmış mənəvi, mədəni və tarixi əlaqələrlə sıx bağlıdır. Son üç il ərzində baş tutan qarşılıqlı səfərlər münasibətlərin intensivliyini və praktiki nəticə yönümlü xarakterini açıq şəkildə göstərir. Hər görüşdə, hər müzakirədə konkret addımlar atılır və əldə olunan razılaşmaların icrası dövlət başçılarının birbaşa nəzarətində saxlanılır. Bu münasibətlər təkcə ikitərəfli deyil, həm də regional sabitlik və geosiyasi balans baxımından mühüm əhəmiyyət daşıyır. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yaranan yeni əməkdaşlıq xətti regionda strateji sabitliyin, iqtisadi inteqrasiyanın və nəqliyyat əlaqələrinin təzahürünə çevrilir.

Astanada keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası ikitərəfli əlaqələrin sistemli şəkildə idarə olunması üçün mühüm platforma rolunu oynayır. Hökumətlərarası Komissiyanın iclası nəticəsində əldə olunan razılaşmalar qarşılıqlı fəaliyyətin konkret nəticələrə yönəldiyini göstərir.

İki ölkənin dövlət başçılarının daimi diqqəti və nəzarəti nəticəsində iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə nəzərdə tutulan bütün istiqamətlər uğurla həyata keçirilir. Azərbaycan və Qazaxıstan regionun aparıcı dövlətləri kimi beynəlxalq təşkilatlarda bir-birini ardıcıl şəkildə dəstəkləyir. İki ölkə həmin konteksdə vahid mövqedən çıxış edir, bu amillər, xüsusilə Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi qurumlarda daha aydın şəkildə özünü göstərir. Gələn il Bakıda keçiriləcək İƏT-in Sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammiti bu əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasına xidmət edəcək.

Füzuli şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birlikdə açılışı edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycan və Qazaxıstan xalqları arasında dostluğu və mənəvi yaxınlığı təcəssüm etdirir. Bu mərkəz təkcə təhsil ocağı deyil, həm də Böyük Qayıdış Proqramı çərçivəsində yenidən dirçələn Qarabağın mədəni məkanına çevrilib. Qazaxıstanın Qarabağın bərpasına verdiyi töhfə regionda sülh və birgə tərəqqi ideyasına sadiqliyini nümayiş etdirir.

Görüş zamanı Orta Dəhliz və Zəngəzur dəhlizi layihələri də müzakirə mövzusu olub. Azərbaycanın ərazisində bu layihələrin avtomobil və dəmir yolu hissələri gələn ilin ortalarında tamamlanacaq. Bununla da 2028-ci ilin sonuna qədər Zəngəzur dəhlizinin tam istifadəyə verilməsi gözlənilir. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə reallaşan TRIPP – “The Trump route for international peace and prosperity” layihəsinin region üçün yeni iqtisadi perspektivlər açacağı vurğulanıb. Həmin marşrut Orta Dəhlizin genişlənməsi ilə Avrasiya məkanında ticarət dövriyyəsini və yük axınını əhəmiyyətli dərəcədə artıracaqdır.

Astanada iki ölkənin dövlət başçılarının iştirakı ilə keçirilən sənədlərin mübadiləsi mərasimi münasibətlərin daha da möhkəmlənməsi üçün güclü hüquqi təməl yaradıb. Tərəflər “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanat”, “Ali Dövlətlərarası Şuranın qərarları”, eləcə də sənaye, energetika, rəqəmsal texnologiyalar, süni intellekt, səhiyyə, hüquq-mühafizə və statistika sahələrini əhatə edən sənədlər imzalayıblar.

Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər göstərir ki, Azərbaycan və Qazaxıstan münasibətləri artıq həm dostluq və qardaşlıq səviyyəsində, həm də strateji müttəfiqlik mərhələsindədir. Prezidentlərin çıxışı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini sübut edir. Bütün bunlar həm regionun sabitliyi, həm də Avrasiya məkanında yeni nəqliyyat və enerji xəritələrinin formalaşması baxımından mühüm tarixi hadisə kimi dəyərləndirilir.

Heydər Əsədov,
​Milli Məclisin deputatı

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR