BAKU Azərbaycan
15.03 °C

Bakıda Hindistan şirkətləri üçün biznes-vebinar keçirilib

Bu gün Hindistanın Azərbaycandakı səfirliyi ölkənin Kənd Təsərrüfatı və Emal olunmuş Ərzaq Məhsullarının İxrcanının İnkişafı Təşkilatı (APEDA) ilə birlikdə toxum, ət, düyü, çiçək istehsalı ilə məşğul olan Hindistan şirkətləri üçün biznes-vebinar keçirib.

Gazette.az xəbər verir ki, tədbiri giriş sözü ilə APEDA-nın sədri Viki Vidyarti açıb.

O bildirib ki, rəhbərlik etdiyi qurumu Hindistanın Sənaye və Ticarət Nazirliyi kənd təsərrüfatl məhsulları, o cümlədən düyü ixracının stimullaşdırılması üçün yaradıb. "Hindistan üzrə 12 ofisimiz mövcuddur. Əsas məqsədimiz aqrar məhsulların ixracını təşviq etməkdir. Bura meyvə-tərəvəz, ət məhsulları, bal, gülçülük məhsulları daxildir. APEDA-nın üzvü olan şirkətlər bütün fitosanitar qaydalara əməl edirlər".

V.Vidyarti Hindistanın kənd təsərrüfatı məhsullarının emalı üçün yaxşı infrastruktura malik olduğunu, yerli laboratoriyaların qida təhlükəsizliyi standartlarına uyğun sınaqlar apardığını vurğulayıb. O, Hindistanın kənd təsərrüfatı və qida məhsullarının mərkəzi olduğunu, çiçəkçilik sektorunun yüksək bazar dəyəri və böyük imkanları olan biznes kimi inkişaf etdiyini deyib. "Çiçək istehsalının artırılması bu sahədə Azərbaycanla ikitərəfli əməkdaşlıq üçün böyük imkanlar yaradır".

Hindistanın Milli Toxum Assosiasiyasının direktor müavini Dipankar Pandey isə toxum ixracı, onun həcmi, perspektivləri və imkanları haqqında təqdimatla çıxış edib. O, Hindistanın toxumçuluq sektorunun 3 milyard ABŞ dolları dəyərində olduğunu və dünya miqyasında 5-ci yerdə olduğunu vurğulayıb.

Hindistanın Bitki əsaslı Qida Sənayesi Assosiasiyasının İcraçı Direktoru Sanjay Sethi isə veqan məhsullarının ixracına dair təqdimatla çıxış edib.

Tədbirdə Hindistan və Azərbaycanda müvafiq məhsullarının istehsalı üzrə fəaliyyət göstərən əsas şirkətlərin, Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsinin dəyəri 2020-ci illə müqayisədə 26,8% artaraq 739,1 milyon ABŞ dolları təşkil edib. Hindistan bu dövrdə Azərbaycanın 10-cu əsas ticarət tərəfdaşı olub.

Azərbaycanın Hindistana ixracının dəyəri 30,1% artaraq 594,4 milyon ABŞ dolları təşkil edib. Hindistan Azərbaycanın ixracında 2,7% payla 8-ci ixrac istiqaməti olub. Azərbaycanın Hindistandan idxalının dəyəri isə 14,8% artaraq 144,67 milyon ABŞ dolları təşkil edib.