BAKU Azərbaycan
25.03 °C

Xəzər dənizinin balıq ehtiyatları on dəfələrlə azalıb

Doqquz ildən sonra - ötən il Xəzər dənizində ekspedisiyalar keçirdik. Əsasən yay ekspedisiyaları apardıq və bu, bizə balıq ehtiyatlarının öyrənilməsinə imkan yaratdı. 2005-ci ildən 2012-ci ilə qədər də tədqiqatlar aparırdıq. Ötənilki ekspedisiyaların nəticələri onu göstərdi ki, Xəzər dənizindəki balıq ehtiyatları 10 il bundan əvvəl ilə müqayisədə on dəfələrlə azalıb.

Gazette.az  AZƏRTAC-a istinadən bildirir ki, bunu Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan "Ekspert saatı"nda deyib.

Xəzər dənizinin balıq ehtiyatlarının azalmasının bir neçə səbəbi olduğunu diqqətə çatdıran Mərkəzin direktoru deyib: "İqlim dəyişiklikləri nəticəsində Xəzər dənizinin nəinki Azərbaycan sektorunda, ümumiyyətlə, bütün Xəzər dənizi akvatoriyasında suyun temperaturu həm üst, həm də orta təbəqədə 4-5 dərəcə artıb. Nisbətən konservativ və dəyişilməz dibə yaxın olan təbəqə sulfur təbəqəsidir. Suyun temperaturunun bu cür qalxması zooplanktonları yandırır. Bir tərəfdən yayda günəşin şüalanması da artır. Onların azalması zooplanktonla qidalanan xırda balıqların populyasiyalarının, əsasən də kilkələrin sayının azalmasına səbəb olub. Çünki kilkələr Xəzər ixtiofaunasının təxminən 60 faizini təşkil edir. Xırda balıqlarla qidalanan digər balıqlar, yəni yırtıcı balıqlar - nərə balığı, qızılbalıq, siyənəkkimilərin ehtiyatları on dəfələrlə azalıb".