BAKU Azərbaycan
19.03 °C

Azərbaycan Prezidenti: “Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıdıb və təhqir edib”

“2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu” - bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışında bildirib.

Dövlət başçısı deyib ki, 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi: “Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi”.

Azərbaycan Prezidenti nəzərə çatdırıb ki, işğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib: “Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır”.