BAKU Azərbaycan
15.03 °C

Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı komissiyanın katibliyi müəyyənləşib

Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı komissiyanın adı dəyişib, komissiyanın katibliyinin funksiyalarını həyata keçirəcək qurum müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Beləliklə, fərmanda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözü “Azərbaycan Ordusunun” sözü ilə əvəzlənib. Bununla əlaqədar komissiya da artıq Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı komissiya olacaq.

Digər dəyişikliyə əsasən, Maliyyə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı komissiyanın katibliyinin funksiyalarını həyata keçirəcək

Qeyd edək ki, komissiyanın tərkibi də dəyişib. Komissiyadan Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini çıxarılıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini komissiyaya daxil edilib. Azərbaycan Respublikası Prezidentinin hazırda mövcud olmayan Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisini isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini əvəz edəcək.