BAKU Azərbaycan
25.03 °C

Rəsmi Bakı Şuşa ətrafındakı erməni təxribatı barədə məlumat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) noyabrın 8-də Şuşa ətrafında baş verən erməni təxribatı barədə açıqlama yayıb.

 

Hadisə ilə bağlı XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib:

“Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya 8 noyabr tarixində Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Qeyd etmək istərdik ki, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, ciddi suallar doğurur”.  

L.Abdullayeva qeyd edib ki, sözügedən tarixdə Azərbaycan Respublikası Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirdi. Məlumdur ki, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür.

“Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır. 

Eyni zamanda, Ermənistan müdafiə nazirinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi qarşı tərəfin növbəti təxribat əməlidir. 

Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi bilərəkdən vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu addımların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində atılması isə Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədinə xidmət edir və ümumiyyətlə bu, üçtərəfli bəyanatın müddəalarının pozulmasıdır”, - deyə L.Abdullayeva əlavə edib.