BAKU Azərbaycan
26.03 °C

Zəngilanda radio və televiziya yayımı təmin olundu

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində işlər davam etdirilir.

İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımlarının bərpası ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) tərəfindən Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımı təmin olunub.

Buna qədər isə Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq 31 dekabr 2020-ci il tarixindən etibarən radio-televiziya yayımı Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib.

Həmçinin 04.10.2021-ci il tarixində Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilməklə Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımı təmin olunub.

Hazırda işğaldan azad olunan digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir. O cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin cari ilin sonunadək bərpası nəzərdə tutulur.