
200 min manatdan artıq sığorta ödənişi ödənilib
Aqrar Sığorta Fondu əhalini və fermerləri aqrar sığorta barədə bağlı məlumatlandırma işlərini davam etdirir.
Gazette.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Tərtər rayonunda fermerlərlə aqrar sığorta mövzusunda maarifləndirici görüş təşkil olunub.
Tərtər Gənclər Mərkəzində keçirilən görüş Tərtər Rayon İcra Hakimiyyətinin, Aqrar Sığorta Fondu və Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə baş tutub.
120-dən çox tərtərli fermerin qatıldığı tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov, Aqrar Sığorta Fondunun Goranboy regional filialının rəhbəri Tofiq Əsgərov və DAİM-in direktor müavini Vüsal Paşayev iştirak ediblər.
Tədbirin əsas məqsədi fermerləri aqrar sığorta mexanizmi, onun faydaları, tətbiqi qaydaları barədə məlumatlandırmaq olub. Çıxış edənlər aqrar sığortanın kənd təsərrüfatında risklərin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıblar.
Görüşdə fermerlərə sığortalanma prosesi, müraciət qaydaları, məhsul və heyvan sığortası ilə bağlı geniş məlumat verilib.
Tədbirdə bildirilib ki, aqrar sığorta təsərrüfatları təbiət hadisələri, dolu, fırtına, qasırğa, sel-subasma, donvurma, vəhşi heyvanların hücumu, digər şəxslərin hərəkətləri və sair hallardan sığorta edir.
Aqrar Sığorta Fondunun nümayəndəsi Tofiq Əsgərov xatırladıb ki, ölkədə ilk aqrar sığorta müqaviləsi Tərtər rayonunda 2020-ci ilin noyabrında, hərbi əməliyyatların davam etdiyi günlərdə imzalanıb. İndiyədək Tərtərdə baş verən təbiət hadisələri və təsərrüfatlara dəymiş zərərlər üzrə 200 min manatdan artıq sığorta ödənişi hesablanaraq ödənilib.
Tədbirdə qeyd edilib ki, aqrar sığortada, sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir, nəticədə, fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını sığorta edə bilərlər.
Tədbirdə heyvanların sığortası haqqında da məlumat verilib.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, təklif və problemləri dinlənilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





