BAKU Azərbaycan
16.03 °C

Avropada qazın qiyməti təxminən 2% ucuzlaşıb

Avropada qaz qiymətləri bazar ertəsi ticarətin əvvəlində orta hesabla 2% ucuzlaşıb.

Bunu ICE London Fond Birjasının məlumatları göstərir.

Ticarət sessiyasının açılışında Avropanın ən böyük habı olan TTF indeksi üzrə qazın iyun fyuçerslərinin dəyəri 1 000 kubmetr üçün 1 069,4 ABŞ dolları olub, sonra kotirovkalar bir qədər artaraq 1 105,2 dollar təşkil edib. Cümə günü hesablaşma qiymətinin 1 109,5 dollar olduğunu nəzərə alsaq, orta azalma 2% təşkil edir.

Avropada qazın qiyməti Ukraynada hərbi əməliyyatların başlanmasından sonra kəskin artıb: fevralın 23-də yaxın fyuçerslər üçün hesablaşma qiyməti min kubmetrə görə 1 038,6 dollar idisə, fevralın 24-də bu rəqəm təqribən 50% artaraq 1 555,5 dollara yüksəlib.

Ümumiyyətlə, son iki ayda minimum hesablaşma qiyməti aprelin 25-də qeydə alınıb – hər min kubmetr üçün 1 027,1 ABŞ dolları. Bundan sonra qaz fyuçersləri yenidən bahalaşaraq min kubmetr üçün 1 370 dollara çatıb. Kotirovkalardakı yeni kəskin artım Polşa və Bolqarıstanın qazın qiymətini rublla ödəməkdən imtina etmələrinə görə “Qazprom”un bu ölkələrə qaz tədarükünü dayandırması ilə bağlı olub.