BAKU Azərbaycan
17.03 °C

Azərbaycan Dünya İqtisadi Forumu ilə əməkdaşlıq platformalarını açıqlayıb

“Hazırda biz Dünya İqtisadi Forumu ilə 3 əsas platforma üzərində işləyirik”.

Gazette Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev jurnalistlərə açıqlamasında bildirib.

“Bu platformalara süni zəka və maşın öyrənilməsi (1), əşyaların interneti və şəhər transformasiyası (2), rəqəmsal ticarət (3) daxildir. Bu platformalar üzərində tədbirlər həyata keçirilir. Bu il fevralın 23-də IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Bunun davamı olaraq süni zəkaya həsr edilmiş sessiyalar təşkil olunub. Azərbaycan üçün süni zəka ilə bağlı milli strategiyanın hazırlanması məsələləri, həmçinin süni zəkaya əsalanan texnologiyaların tətbiqi məsələlərinə dair fikir mübadiləsi aparılıb”, - deyə o, qeyd edib.

“Ötən ilin aprel ayında Türkiyə ilə Azərbaycan arasında rəqəmsal ticarət üzrə Anlaşma Memorandumu imzalanıb. Bu gün 11 dövlət qurumundan ibarət işçi qrupu yaradılıb, həmin işçi qrupunun əlaqələndirilməsi bizim mərkəzə həvalə edilib. Həmçinin, IV sənaye inqilabının, rəqəmsal iqtisadiyyatın Azərbaycanda inkişaf etdirilməsi üçün tədbirlər həyata keçiririk. IV sənaye inqilabı texnologiyaları üzrə 22 dövlət qurumundan ibarət işçi qrupu yaradılıb. Bunun əlaqələndirilməsi də bizim mərkəzə tapşırılıb”, - deyə T.Tağıyev əlavə edib.