BAKU Azərbaycan
5.03 °C

“Neftçi” və “Sabah” 8-ci turu qələbə ilə başa vurub – Premyer Liqa

Şənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start verilib.

Turun ilk oyununda “Sabah” və “Sumqayıt” komandaları üz-üzə gəliblər. Masazırdakı “Bank Respublika Arena”da baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hər 3 qol fasilədən sonra vurulub. Matçın 60-cı və 83-cü dəqiqələrində Fofana Tiemoko, 79-cu dəqiqədə isə Ceyhun Nuriyev rəqib qapıçını məyus etməyi bacarıblar. Bu, “Sabah”ın cari mövsümdə ilk qalibiyyəti olub.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran “Sabah”ın mövqeyi dəyişməyib və komanda sonuncu pillədə qalıb. “Sumqayıt” isə 8 xalla 5-cidir.

Günün ikinci qarşılaşmasında “Neftçi” klubu “Bakcell Arena”da “Zirə”ni qəbul edib. Qarşılaşma son ölkə çempionunun əzmkar qələbəsi ilə başa çatıb – 2:1.

Matçda hesab 6-cı dəqiqədə açılıb. Qonaqların heyətində Ağabala Ramazanov fərqlənib. Matçın 39-cu dəqiqəsində Sezar Meza Kolli “ağ-qaralar”ın bərabərlik qoluna imza atıb. Oyunda son nöqtəni isə oyuna sonradan daxil olan Mirabdulla Abbasov qoyub. Hücumçu 84-cü dəqiqədə başla dəqiq oynayıb.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Neftçi” ikinci pillədəki mövqeyini qoruyub. On iki xalı olan “Zirə” isə 3-cü sırada qalıb.