Mətbuat Şurasından müsahiblərlə bağlı ÇAĞIRIŞ

"Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Narazılıq, xüsusən, həmin hissələrin sosial şəbəkələrdə paylaşılması zamanı meydana çıxır".

Gazette.az xəbər verir ki, bu, Mətbuat Şurasının yaydığı məlumatda əksini tapıb.

Qeyd olunub ki, sosial şəbəkə istifadəçiləri münasibətlərini, bir qayda olaraq, müsahiblərin yanaşmalarına, onların haqqında söz açdıqları məsələ ilə bağlı söylədikləri digər fikirlərə diqqət yetirmədən, yaxud yalnız irəliyə çıxarılmış sərlövhəyə köklənərək bildirirlər:

"Təcrübə göstərir ki, adətən belə durumlarda əsl mahiyyət kənarda qalır. Mövcud müstəvidəki ən yolverilməz hal isə müsahiblərin sosial şəbəkə istifadəçiləri tərəfindən əsassız ittihamlarla üzləşmələridir.

Belə ki, 2026-cı il aprelin 29-da Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevdən "Qaranlıqda həqiqət" verilişi tərəfindən müsahibə alınıb. Müsahibədə V.Quliyevin bir alim və diplomat kimi səsləndirdiyi fikirlər önə çıxarılmaq əvəzinə, onun məhz övladı - mərhum Humay Quliyeva ilə bağlı sual-cavab hissəsi qısa videolar şəklində sözügedən verilişin anonslarında təqdim edilib və digər media qurumları da məhz bu parçanı auditoriya ilə paylaşıblar.

Yaranmış vəziyyətə görə Humay Quliyevanın adına yaradılmış "Huma Quşu" Təhsilə Yardım Fondu bəyanat yayaraq, kəskin etirazını bildirib və Azərbaycan Mətbuat Şurasına mövqe bildirmək üçün müraciət edib. Şura fondun müraciətindəki narahatlığı bölüşür və hesab edir ki, "Qaranlıqda həqiqət" verilişinin təqdimatında qeyri-həssas yanaşmaya yol verilib. Mahiyyətini diplomatiya, xarici siyasət və tariximizə dair sanballı söhbət təşkil edən müsahibənin anonsları ənənəvi "reytinq yaradıcılığının" mənfi təsirinə məruz qalmış, mətnin ümumi ruhuna xələl gəlmiş, bütün bunlar mərhumun valideynlərində dərin sarsıntı yaradıb.

Qeyd olunmuş və digər oxşar vəziyyətləri nəzərə alaraq, Azərbaycan Mətbuat Şurası media orqanlarının bu tipli davranışlarını qınayır və onları müsahibələrin təqdimatına ehtiyatla yanaşmağa çağırır. Şura bu qənaətdədir ki, bütöv mətnlərin kontekstdən çıxarılmış fikir şəklində yayılması zamanı müsahibə verən şəxslərin barəsində söz açdıqları konkret mövzu arxa plana keçməməli, spekulyativ yanaşmalardan uzaq durulmalıdır. Çünki bütün bunlar media orqanlarına və jurnalistlərə etimadsızlıq və inamsızlıq formalaşdırır. Etimadsızlıq və inamsızlıq mühiti isə medianın nüfuzunu aşağı salır, həmçinin, cəmiyyətin dolğun bilgilərlə təminatı prosesinə mənfi təsir göstərir.

Media və jurnalistlər onu da nəzərə almalıdırlar ki, müsahibə və ya janrından asılı olmayaraq, təqdim etdikləri bütün materiallar cəmiyyət üzvləri arasında kütləvi qıcıq yaratmamalı, insanların faydalı biliklər əldə etməsini, onların dünyagörüşlərinin yüksəlməsini təmin etməlidir. Əsl ictimai missiya məhz budur. Mətbuat Şurası bütövlükdə media cameəsini özünün ictimai missiyasına məsuliyyətlə və son dərəcə həssas yanaşmağa çağırır".

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR