BAKU Azərbaycan
21.03 °C

Ceyhun Bayramov ABŞ-da Viktoriya Nulandla görüşüb

Sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparılıb. ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.

Tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqadar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib.

Bölgənin sülh şəraitində gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyi vurğulanıb.

Görüş zamanı tərəflər, habelə ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.