BAKU Azərbaycan
14.03 °C

Ermənistan Sədərək rayonu istiqamətində təxribata əl atıb – VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən GAZETTE-yə verilən məlumata görə, son günlər düşmən Ermənistan tərəfi yerli mediya orqanlarının və ermənilərə himayədarlıq edən xarici kütləvi informasiya vasitələrinin köməyi ilə Naxçıvan Muxtar Respublikasının həmsərhəd olduğu ərazilərin, xüsusilə də Arazdəyən yaşayış məntəqəsinin Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması dezinformasiyalarını yaymaqla məşğuldur.

44 günlük Vətən müharibəsi ilə məğlubedilməzlik mifi darmadağın edilən və bu gün xaosun hökm sürdüyü erməni ordusunda qeyri-döyüş şəraitində baş verən itkilərin, xüsusilə də intihar hallarının ört-basdır edilməsi üçün güya müxtəlif mənbələrdən alınmış yalan məlumatların yayılması ilə Ordumuz haqqında mənfi düşüncələrin yaradılmasına çalışılır, Azərbaycan mövqeləri atəşə tutularaq vəziyyət gərginləşdirilir.

Ermənistan-Azərbaycan dövlət sərhəddinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar  törədir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır. Düşmənin bu təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.