“ƏDV geri al” vasitəsilə istehlakçılara 119,7 milyon manatadək vəsait qaytarılıb

Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi 2020-ci ilin may ayından etibarən uğurla tətbiq edilir.

Həmin tarixdən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda (www.edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib, sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296.851.431 çek üzrə 119 milyon 660 min 913,04 manat həcmində ƏDV məbləği geri qaytarılıb.

2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir ki, bu da “ƏDV geri al” layihəsinə olan kütləvi marağın göstəricisidir.

Xatırladaq ki, istehlakçıların sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çekləri barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və çekin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.

Alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır. Bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.