Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilib

Bu gün ilk dəfə Milli Musiqi günü Şuşada keçirilib.

Tədbirdə iştirak edən nümayəndə heyəti xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar.

Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir, bu dəfə onun heykəlinin ucaldığı parkda baş tutub.

Tədbiri giriş sözü ilə açan Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, 1995-ci ildən Ulu Öndər Heydər Əliyevin fərmanına əsasən hər il ölkəmizin müxtəlif bölgələrində keçirilən Milli Musiqi Günü bu il Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi və Müzəffər ordumuzun rəşadəti sayəsində Şuşada təşkil olunub: “Bu gün keçirilən tədbirin xüsusi əhəmiyyəti var. Milli Musiqi Günümüz vaxtı ilə erməni vandallarının dağıtdığı və 29 avqust tarixində cənab Prezidentin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilib. İkinci səciyyəvi məqam odur ki, bu gün çıxış edəcək Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı düz 85 il əvvəl dahi bəstəkar tərəfindən yaradılıb”.

Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şuşada icra etdiyi genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri bərpa olunur.

Mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyev bildirib ki, bugünki tarixi tədbirdə yalnız Üzeyir bəyin vaxtı ilə yaratdığı ansambl deyil, həmçinin, ölkənin aparıcı sənətkarları, xalq və əməkdar artistləri, tanınmış ifaçılar iştirak edir, onun adını daşıyan parkda milli musiqimizin xəzinəsi sayılan əsərləri ifa edirlər. Nazir müavini Şuşanın mədəniyyət paytaxtı olaraq bundan sonra da bir çox yerli və xarici tədbirlərə ev sahibliyini edəcəyini bildirib.

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşaya yeni həyatın qayıtdığını deyib. O, bu gözəl məkanda Vaqif Poeziya Günlərinin, Xarı Bülbül festivalının keçirildiyini, tarixi və mədəni abidələrin bərpa edildiyini bildirib.

Daha sonra Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblının Xalq Çalğı Alətləri Orkestri ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və digər bəstəkarların ifaları səsləndirilib.

Xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Qoçaq Əsgərov, Anar Şuşalı, Nərgiz Kərimova, Arzu Əliyeva və digər ifaçılar milli musiqi sənətimizin əsrarəngiz nümunələrini təqdim ediblər.