İngiltərənin “Vodafone” şirkəti Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkəti ilə birlikdə İspaniyanın 15 şəhərində beşinci nəsil (5G) mobil şəbəkəsini istifadəyə verməyə hazırlaşır.

Gazette xəbər verir ki, Madrid və Barselona kimi şəhərlərin də daxil olduğu ərazilərdə istifadəyə veriləcək müasir mobil şəbəkə vasitəsilə 1 Gbit/s (qiqabit/saniyə) sürətdən istifadə etmək mümkün olacaq.

Şirkətdən verilən məlumatda bu yay 5G şəbəkəsinin Birləşmiş Krallıq, İtaliya və Almaniya ərazilərində də istifadəyə veriləcəyi vurğulanıb.

Xatırladaq ki, ötən ay ABŞ Çinlə davam edən “ticarət müharibəsi” ilə əlaqədar olaraq “Huawei” şirkətini qara siyahıya salmış və bundan sonra bir sıra iri şirkətlər, o cümlədən “Google” şirkəti asiyalılarla əməkdaşlığa son qoymuşdu. 

ABŞ-ın tətbiq etdiyi sanksiyaya baxmayaraq Avropa İttifaqı “Huawei”lə əməkdaşlıqlarını davam etdirəcəklərini açıqlamışdı.