ABŞ-ın "Google" şirkəti Çinin "Huawei" şirkəti ilə əməkdaşlığını dayandırıb.

Gazette "Azvision"a istinadən xəbər verir ki, buna səbəb ABŞ hökumətinin nəhəng Çin şirkətinə tətbiq etdiyi sanksiyadır.

Amerika hökumətinin qərarında deyilir ki, "Huawei" şirkəti ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə zidd fəaliyyətlərə cəlb olunduğu üçün, “qara siyahı”ya salınır. Bunda sonra "Intel", "Qualcomm", "Xilinx" və "Broadcom" kimi şirkətlər "Huawei" ilə iş birliyinə son veriblər. Amma ən vacibi, şübhəsiz ki, "Google"dur, çünki "Huawei" smartfonları məhz bu şirkətin məhsulu olan Android əməliyyat sistemi əsasında işləyirdilər. 

Praktikada bu, o deməkdir ki, bundan sonra "Huawei" Android əməliyyat sisteminin yeni versiyalarından istifadə edə bilməyəcək. Həmçinin “Google Play”, "Gmail", "Youtube" və axtarış nəhənginin digər məhsulları Çin şirkətinin bundan sonra istehsal edəcəyi telefonlarında işləməyəcəklər. Hazırkı telefonlarda olan proqramlar isə çalışmaqda davam edəcək. 

Amma "Huawei" şirkəti özünün Android əməliyyat sistemi ilə işləyən telefonlarını bundan sonra da dəstəkləyəcəyini bildirib. Qeyd edək ki, sanksiyanın "Huawei"-in Çində yaşayan istifadəçilərinə heç bir təsiri olmayacaq, çünki Çində onsuz da "Google"-un məhsullarından istifadə edilmirdi. 

"Google" ilə "Huawei" arasında olan əməkdaşlığın ləğvi xeyli müddətdir davam edən ABŞ - Çin texnoloji müharibəsinin nəticəsidir. Hələ ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trump rəsmi qurumlarda işləyən şəxslərə "Huawei" və ZTE məhsullarından istifadəni qadağan etmişdi. Ondan sonra gərginlik artan xəttlə davam edirdi. 

Çin tərəfi ABŞ-ın casusluq və texnologiya oğurluğu ittihamlarını qəbul etmir, qərardan şikayət verməyə hazırlaşır. 

Ekspertlərin fikrincə, ABŞ hökuməti sadəcə, bu bəhanələrlə Çini öz daxili texnoloji məhsullar bazarından sıxışdırıb çıxarmaq istəyir. Belə ki, hazırda beşinci nəsil (5G) mobil qurğular sferasında kimin dominant olacağı ilə bağlı amansız rəqabət gedir. Bu texnologiyanı dəstəkləyən smartfonları "Huawei" hamıdan qabaq buraxmağı planlaşdırırdı. Çin şirkəti dünyada 5G şəbəkəsinin qurulması işində liderliyi ələ ala bilərdi. Amma ABŞ-ın son qərarı onu bu perspektivdən məhrum etdi.