Gazette-nin məlumatına görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.

İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.

Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Laçın rayonunun təbiəti və təbii sərvətləri 27 ildir ki, talan edilir...

Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektardır. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi. Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə olunurdu.

Laçın rayonu ərazisində 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları var.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.

Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, qərarın 19 və 20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.

Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var.

Elman Babayev adlı şəxsin şəkli.