Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanda 16 nəfərin А/H1N1 virusuna ("donuz qripi") yoluxması barədə yayılan məlumatlar düzgün deyil.

Gazette xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ÜST-ün referens laboratoriyasına heç bir nümunə göndərilməyib: "Ona görə də bu məlumatların haradan yayıldığını deyə bilmərik. Təşkilatın Azərbaycan ofisi də Səhiyyə Nazirliyinə 16 nəfərin donuz qripinə yoluxması barədə məlumatların yanlış olduğunu açıqlayıb. ÜST sabah bu barədə daha geniş açıqlama verəcək".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının həftəlik bülletenində Azərbaycanda 16 А/H1N1 virusuna yoluxma halının aşkarlanması barədə məlumat yer alıb.