Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin III iclası keçirilib.

Gazette xəbər verir ki, rəsmi şəxslər, o cümlədən səfirlərin və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreev iclasın gündəliyində olan məsələlər barədə ümumi məlumat verərək diqqətə çatdırıb ki, təşkilata üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi və vahid fəaliyyət strategiyasının qəbul olunması tərəflərin maraqlarını təmin edir.

Türkiyənin diaspor siyasətinin ayrı-ayrı istiqamətləri barədə ətraflı məlumat verən mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren çıxışlarında diqqətə çatdırıblar ki, müasir dünyada türkdilli diaspor təşkilatları arasında koordinasiyanın müəyyən edilməsi və əməkdaşlıq formalarının tapılması, bu sahədə birgə fəaliyyət xarici ölkələrdə yaşayan vətəndaşlarımız və soydaşlarımız üçün mühüm əhəmiyyət daşıyır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanda diaspor fəaliyyətinin yaranması, inkişaf istiqamətləri, perspektivləri və qarşıya qoyulan məqsədlər barədə danışıb, həmçinin bu sahədə türkdilli ölkələrlə əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Fuad Muradov diqqətə çatdırıb ki, türk dünyasının birliyi ideyası yüzillərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində əhəmiyyətli addımlar atılıb.

Bu istiqamətdə türk dünyasının iki böyük öndəri - ümummilli lider Heydər Əliyev və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk tarixi uğurlara imza atıblar. Bu sahədə Azərbaycanda böyük işlər görülüb, ciddi qərarlar qəbul olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə Bakıda Azərbaycan və Türk Diaspor Rəhbərlərinin I Forumunun təşkili və elə həmin il paytaxtımızda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı türkdilli xalqların diaspor fəaliyyətində birgə əməkdaşlığın formalaşmasına böyük töhfələr verib.

İclas “Türk Şurasının Türkdilli Diaspora Birgə Fəaliyyət Strategiyası”na dəyişikliklərin təsdiq edilməsi haqqında qərarın və “2019-cu ildə Türk Şurası Diaspor Birgə Fəaliyyət Planı”nın imzalanması ilə başa çatıb.