Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Gazette-nin məlumatına görə, tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanin İqtisadi inkişaf naziri Maksim Oreshkin və "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, iştirak ediblər.

Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq.

Zavodda “Qazel”, “Qazel Biznes”, “Qazel Next” avtomobillərinin modelləri və xüsusi təyinatlı texnika istehsal ediləcək.

Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri və Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, ötən ilin aprel ayında Rusiyanın “QAZ Qrup” ASC və “Azərmaş” ASC arasında kiçik tonnajlı avtomobillərin Azərbaycanda yığılmasına dair uzunmüddətli əməkdaşlıq haqqında memorandum imzalanıb, noyabr ayında isə avtomobil zavoduna Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib.

Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması sənaye və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.