Mayın 16-da Baş Nazir Novruz Məmmədov Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub.

Gazette xəbərinə görə, Baş Nazirə sərgilərdə dünyanın 32 ölkəsini, ümumilikdə, 440 şirkət, eləcə də 11 milli və regional qrupun təmsil etdiyi məlumatu verilib. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycan ilə yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələrdən şirkətlər yer alır. İtaliya, Türkiyə, Belarus, Gürcüstan, Niderland Krallığı və Şri-Lanka sərgidə milli stendlərlə iştirak edirlər. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin-biçin aqreqatları, kənd təsərrüfatı məhsulları təqdim olunur.

Sərgilər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir.

Baş Nazir Novruz Məmmədov hər iki sərginin pavilyonları ilə tanış olub.