Martın 14-də Azərbaycanın paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb.

Gazette xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

Yeddinci Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri  Ismail Serageldin açaraq Forumun əhəmiyyətini vurğuladı. Dünyada sabitliyin olmadığı bir vaxtda planetimizi narahat edən mühüm məsələləri müzakirə etmək imkanı baxımından Bakı Forumunun çox vacib tədbir olduğunu deyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri sözü Azərbaycan Prezidenti İlham Əliyevə verib.

Azərbaycan Prezidenti İlham Əliyev Forumda nitq söyləyib.

Sonra Əfqanıstan Prezidenti Mohammad Ashraf Ghani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Sefik Dzaferovic, Moldova Prezidenti İgor Dodon, Monteneqro Prezidenti Milo Dukanovic, Bolqarıstanın Baş naziri Boyko Borisov çıxış etdilər.

Daha sonra İtaliya Prezidenti Sercio Mattarellanın Forum iştirakçılarına məktubunu İtaliyanın ölkəmizdəki səfiri Augusto Massari oxuyub. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Theresa Mayin müraciətini Birləşmiş Krallığın ölkəmizdəki səfiri Carole Crofts çatdırıb. BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Mirjana Egger BMT-nin baş katibi Antonio Guterresin Foruma müraciətini oxuyub.

Forumda Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Freiberga çıxış edib.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirilib.

Əfqanıstan İslam Respublikasının Prezidenti Mohammad Ashraf Ghaniyə və Robert F. Kennedy İnsan Hüquqları Fondunun prezidenti Kerry Kennedy'yə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olunubForum işini sessiyalarla davam etdirir.