Bir neçə gün əvvəl İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olmuş, İsveçin Yevle şəhərində keçirilən 23 yaşadək atletlərin (U-23) Avropa çempionatında gümüş medal qazanmış azərbaycanlı atlet Nazim Babayevin Oxu.Az-a müsahibəsi:

- Nazim, idmanla məşğul olmağa necə qərar verdiniz?

- Anamla nənəm 2003-cü ildə məni futbola yazdırmaq istəyirdilər. İsmət Qayıbov adına Respublika Stadionuna yollandıq, amma orada məsləhət verildi ki, futboldan əvvəl atletika ilə məşğul olum. Beləcə, 2003-cü ildən bu günə kimi atletika ilə məşğulam və elə Bədən Tərbiyəsi və İdman Akademiyasının atletika fakültəsində təhsil almışam.

- Bəs futbol?

- Düzü, artıq ona ehtiyac olmadı, “insan sevdiyi peşə ilə məşğul olmalıdır” deyəndə, düşünürəm ki, peşəm budur.

- İdmanda dəstəyin olması nə dərəcədə vacibdir? 

- Dəstək çox vacibdir. 15 ildən çoxdur ki, bu sahədəyəm. Babamın dəstəyi əvəzedilməzdir. Ailəm məni hər zaman bütün seçimlərimdə dəstəkləyib, dediyim kimi, idmana məni ailəm gətirib, buna görə də həmişə dəstək görmüşəm və bu məni qürurlandırır.

- Valideynləriniz idmanda sizi dəstəkləyən zaman uğur qazanacağınıza inanırdılarmı?

- Əvvəllər onlar buna sağlam həyat tərzi prinsipi ilə yanaşırdılar, artıq 15 il keçib, bu zaman ərzində mənə inanıb güvəndilər və inamlarını boşa çıxarmadım.

- İdmanda sevmədiyiniz məqam nədir?

- İdmançı hər zaman qalib ola bilməz, həmişə zirvədə ola bilməz. İdmançının həyatında uğursuzluqlar da ola bilər, məncə, idmançıdan heç vaxt üz döndərmək olmaz. Çünki idmançı qələbə qazananda təkcə özü üçün qazanmır, millət üçün, bayraq qaldırmaq üçün, Vətən üçün qazanır. Məğlub olanda isə idmançı özü üçün uduzur, diqqətdənkənar qalır. Belə halları heç cür qəbul edə bilmirəm.

- Bəs sizin üçün ən möhtəşəm məqam hansıdır?

- Ən gözəl, ən ali hiss yarışdan sonra himn səslənəndə, bayraq dalğalananda olan o hissdir. Onun yerini heç nə vermir.

- İlk yarışınız və ilk uğurunuz barədə danışardınız.

- İlk uğurumu 2012-ci ildə qazanmışam. “Yılmaz Sazak Memorialı” yarışında III yeri tutdum və bürünc medal qazandım. 2013-cü ildə Niderlandın Utrext şəhərində keçirilən Gənclərin Avropa Festivalında qızıl medala yiyələndim.

2014-cü ildə Çinin Nankin şəhərində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında 15.96 nəticə ilə III yer - bürünc medala sahib oldum. 2015-ci ildə Avropa Oyunlarında, düzü, komanda hesabı idi, amma şəxsi tullanma növündə qalib gəldim.

Həmin il ən sevindiyim məqamlardan biri İsveçdə yeniyetmələr arasında keçirilən yarışda qızıl medal və ən əsası, Rio olimpiadasına vəsiqə qazanmağım oldu.

Bundan başqa, Azərbaycanda keçirilən I Avropa Oyunlarında və İslam Həmrəyliyi Oyunlarında səfir kimi iştirak etmişəm. İdmançının məhz belə layihələrdə dəstəkçi kimi iştirakı çox önəmlidir.

- Son qalibiyyətiniz və idmanda ali məqsədiniz barədə məlumat verərdiniz.

- 1-3 mart tarixlərində Böyük Britaniyanın (Şotlandiya) Qlazqo şəhərində qapalı məkanda keçirilən XXXV Avropa çempionatının üçtəkanla tullanma yarışında qalib oldum. 17 metr 29 santimetr məsafəyə tullanmaqla ilk dəfə böyüklər arasında Avropa çempionluğunu əldə etdim.

İdmanda ali məqsədim, təbii ki, olimpiya çempionu olmaqdır. Ancaq o demək deyil ki, olimpiya çempionu olandan sonra rahatlaşmaq lazımdır, əksinə, daha çox çalışmalıyam.