Azərbaycan Respublikasının Əməkdar artisti, Respublika Prezidenti mükafatçısı, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev Azərbaycan Dövlət  Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.

Gazette-nin xəbərinə görə, 1999-2005-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsində, 2005-2007-ci illərdə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında, 2008-ci ildə isə Vyana Dövlət Musiqi və İncəsənət Universitetində təhsil almış Əyyub Quliyev Azərbaycan Dövlət Opera və Balet Teatrında 2011-ci ildən çalışır.

Əyyub Quliyev 1998-ci ildə Respublika Prezidentinin Sərəncamı ilə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” yazılmış və o, Prezident təqaüdünə layiq görülmüşdür. 2002-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” fondunun təsis etdiyi “İlin ən yaxşı tələbəsi” nominasiyasının, 2006-cı ildə Azərbaycan Milli mədəniyyət mərkəzinin “Uğur-2006” mükafatının, 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatının, 2015-ci ildə "Humay" Milli mükafatının qalibi olnuşdur. 

Qeyd edək ki, pedaqoji fəaliyyətlə də məşğul olan Ə. Quliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor dirijorluğu” kafedrasının dosentidir.