Azərbaycanın ilk və tək inklüziv teatrı – ƏSA Teatrı müəllifi Mooris Maeterlinck olan  “Göy quş” tamaşasının premyerasını nümayiş etdirib.

Gazette xəbər verir ki, ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadənin quruluş verdiyi “Göy quş” tamaşası anşlaqla keçib. Premyerada Baş nazirin müavini Əli Əhmədov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin sosial siyasət daimi komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycanın insan hüquqları üzər müvəkkili Elmira Süleymanova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və digər qonaqlar iştirak edib. 

Əsası Azərbaycanda qoyulan inklüziv incəsənətin bəşəri dəyərlərə, insan humanizminə misilsiz xidmətinin bəhrəsi olan ƏSA Teatrı yarandığı gündən dünya və yerli ədəbiyyatın şedevr əsərlərini, William Shakespeare'in, John Steinbeck, Mirzə Fətəli Axundzadənin pyeslərini səhnələşdirməklə yanaşı, onlara modern teatr ənənələrinin yeni trendləri əsasında həyat verib. 

ƏSA Teatrının son premyerası olan “Göy quş” tamaşasında 30 nəfər peşəkar və həvəskar aktyor rol alıb. 1 saat 15 dəqiqə davam edən tamaşanın aurası tamaşaçıları öz təsiri altına salmağı ustalıqla bacarıb.

Gələcəyə böyük ümidləri, nikbinliyi, xeyirxahlığı və keçmişə sayğını aşılayan “Göy quş” tamaşasının nümayişindən sonra rəsmi şəxslər – Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, millət vəkili Hadı Rəcəbli kulisdə teatrın kollektivi ilə görüşüb, xatirə şəkilləri çəkdiriblər. 

Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin dəstəyi ilə hazırlanan “Göy quş” tamaşası ƏSA Teatrının yarandığı vaxtdan reallaşdırdığı ən böyük layihə və yaradıcı, texniki heyəti böyük olan tamaşadır. 

Tamaşanın baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadə, geyim rəssamı Marina Yuryevna, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor asistenti Səmaya Ağayarova, plastik həll üzrə rejissorları Ceyhun Dadaşov, Elnur İsmayılzadə, işıq rəssamı Binyamin Sailov, səs rejissoru Mehdi Cənnətifərd, bəstəkarı Vüqar Camalzadədir.

Rolları ifa edirlər xalq artisti Mehriban Zəki, əməkdar artist İlham Hüseynov, aktyorlar Elvin Mirzəyev, Rəsul Zəkiyev, Günay Məmmədova, Elşən Əsgərov, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, Cəmilə Məmmədli, İmran Lalayev, Könül Şahbazova, Fərid Əliyev, Rəhimə Abdinova, Orxan Əliyev, Əlisahib Məmmədli, Ülviyyə Qarayeva, Nərmin Cahangirova, Eleonora Yusifova, Zəhra Vəliyeva, Ayna Cəfərova, Humay Əliyeva, Narın Qurbanova, Nigar Usubova, İsmayıl Osmanov, Sona Rəhmanova, Zəhra Paşayeva, Simarə Cəfərova və digərləri.

Tamaşanın premyerası Azərbaycan Dövlət Musiqili Teatrında baş tutub.