Şəki şəhərində fəaliyyət göstərən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində Beynəlxalq Keramika Simpoziumu keçiriləcək.

Gazette xəbər verir ki, 20 may – 2 iyun 2019-cu il tarixlərində baş tutacaq “Təbiətdən Tarixə” adlı Simpoziumda bir çox ölkələrdən peşakar keramistlər iştirak edəcəklər. İki həftə davam edəcək tədbir zamanı iştirakçılar layihənin kuratoru məşhur keramist Mir Teymur Məmmədovun başçılığı ilə heykəltaraşlıq kompozisiyaları üzərində çalışacaqlar.

ABAD-dan daxil olan məlumata görə, Beynəlxalq Keramika Simpoziumunda iştirak üçün dünyanın 22 ölkəsindən çox müraciətlər qəbul edilib və iştirakçıların qeydiyyatı tədbirin rəsmi veb-saytı vasitəsilə aparılıb.

Bildirilib ki, seçim prosesi əsasında Simpoziumda Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Latviya, İraq, Norveç, Brazilya, Tunis, Banqladeş, İordaniya, Qırğızıstan və Monqolustan da daxil olmaqla 14 ölkədən 26 sənətkar-keramistin iştirakı müəyyənləşib.

Qeyd edək ki, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci ilin oktyabrın 29-u baş tutub.