Kaskadyor və ya dublyor - kinomatoqrafiyaya aid edilən bu terminin əsas istifadə edildiyi sahə də məhz film sənayesidir. Fransızcadan tərcümədə "ikiləşdirmək" mənasını verən dublyorun işi də aktyorluq etməkdir. Lakin kaskadyorlardan döyüş və macəra filmlərində əsasən ən çətin səhnələrdə istifadə edirlər.

Kaskadyorluq çətin və təhlükəli peşədir. Üstəlik, kaskadyorların gördüyü işin adı onların olsa da, şöhrəti başqasına - aktyora çatır.

Maraqlıdır ki, bir çox filmlərin çəkilişində neçə-neçə kaskadyor tryuk zamanı həlak olub, amma xatalı olması bu peşəyə marağı azaltmayıb. 

Dünya kinosunda ilk kaskadyorluq tryuku 1908-ci ildə çəkilmiş "Qraf Monte Kristo" ("The Count of Monte Christo") filmində gerçəkləşib. Kaskadyor yüksək qayalıqdan şəlaləyə atılmalı idi. Bu tryuku sirk akrobatı etmiş və 5 dollar almışdı. Əslində, heç almamışdı da. Çünki həmin akrobat təhlükəli tryukdan sonra canını tapşırmışdı.

Belə tryuklar tamaşaçılarda macəra filmlərinə marağı artırdığı üçün rejissorlar tez-tez kaskadyorları filmlərinə dəvət etməyə başlayırlar. Məsələ sadəcə aktyorun kaskadyorluğu bacarıb-bacarmamasında deyil. Heç bir rejissor aktyorun tryukda iştirakına asanlıqla razılıq verə bilməz. Məsələn, baş rolun ifaçısının ayağını sındırması və ya alnında şişin peyda olması çəkilişlərin ən azı uzanması deməkdir. Aktyor yıxılıb o dünyalıq olarsa, film yarımçıq, rejissor isə dizinə döyə-döyə qalmalı olacaq.

Azərbaycanda da peşəkar kaskadyorlar fəaliyyət göstərirlər, lakin sayları çox azdır. Həmin peşəkar kaskadyorlarımızdan biri Sain Fərhaddır. 

Bir çox filmlərdə aktyor-kaskadyorluq edən Sain Fərhadla sizi tanış etməyə çalışacağıq.

 

Sain bəy ilk olaraq sizi tanıyaq.

 - 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlığım da burada keçib. Atam rəssam olduğu üçün uşaqlıqdan yaradıcı insanların təsiri altında böyümüşəm. Bir müddət heykəltaraşlığa, rəssamlığa can atırdım. Sonra fortopiano dərslərinə maraq göstərməyə başladım və məşğul oldum. Amma daha çox döyüş növlərinə və aktyorluğa həvəsim olduğundan, digər məşğuliyyətlərdən uzaqlaşdım. Hal-hazırda, aktyor, döyüş səhnələri üzrə xoreoqraf, kaskadyor və son zamanlar ssenarist kimi də fəaliyyət göstərməyə başlamışam. 

2017-ci ildə Hollivudda peşəkar kaskadyorluq və döyüş xoreoqrafiyası kurslarını fərqlənmə ilə bitirmişəm. Beynəlxalq "Nomad Stunts" kaskadyorlar qrupunun Azərbaycandakı təmsilçisiyəm. Artıq Hollivud və Bollivud studiyaları ilə əməkdaşlığa başlamışam. 

 

Bildiyimizə görə akademiyanız var.

- Bəli, “Action Academy” adlı akademiyamız fəaliyyət göstərir və direktoru Aqşin Səlimovdur. Akademiyanın əsas məqsədi döyüş janrının inkişaf etdirilməsi və bir növ sağlamlığın təbliği ilə bağlıdır. Çünki bildiyiniz kimi kaskadyorluqda idman əsas rol oynayır.

Dəfələrlə mühazirələr və "workshop"lar (seminar) təşkil etmişik. Artıq, insanlarda müəyyən qədər qeyd olunan "əkşn" (action - döyüş) janrı haqda fikirlər formalaşdıra bilmişik. Düşünürəm ki, az da olsa Azərbaycan kinosuna köməkliyimiz dəyib. Təbii ki, Azərbaycan filmlərində iştirakımızı da unutmayaq.

 

Hansı filmlərdə kaskadyorluq etmisiniz?

- "Tomris", "Əli və Nino", "Qorxma mən səninləyəm 1919", "Don Marleone", "Object 77", "Zabitin şərəfi" və digər filmlərdə kaskadyorluq etmişəm.

 

Fəaliyyətinizdə sizə dəstək olan var?

- Xeyr, dəstək olan yoxdur. Bəzi dəstək olmaq istəyənlər də öz şəxsi maraqlarına görə istifadə etmək istədiyindən, razılaşmırıq. Onsuz da dəstək vermək əvəzinə, ya saymamazlıq görürük ya da paxıllıq. Bu da münasibətlərin səmimi olmasına maneədir.
Lakin sağlam əməkdaşlığa hər zaman hazırıq.​​​​

 

​​​​​Bildiyimizə görə səhrada da çəkilişləriniz olub. Pərdə arxasında nələr baş verirdi?

- Ağır tarixi geyimlərlə 45 dərəcə istidə 10-12 saat at üzərində olmaq müəyyən çətinliklər yaradırdı. Lakin biz bunun öhdəsindən layiqincə gəlməyi bacardıq və çəkilişlər uğurla başa çatdı. 

Təbii ki, zədələr də oldu. Kiminsə qolu çıxdı, kimsə arabaların arasında qaldı, kiminsə üzərinə araba düşdü, kimsə atdan yıxıldı. Mən isə atın ayaqları altında qaldım. Bu işi sevməsək, bütün bunlara dözə bilmərik. Hər peşənin çətin tərəfləri olduğu kimi də, bizim də işin çətin tərəfləri vardır.

Çəkilişlərimiz bitdikdən sonra filmin rejissoru Akan Satayev Azərbaycandan iştirak edən kaskadyorlara öz minnətdarlığını bildirdi.
Təbii ki, bu bizim üçün qürurvericidir.

 

İrəlidə kimi layihələriniz var?

- Hal-hazırda “Disney“ şirkəti tərəfindən çəkiləcək filmin tryuklarını hazırlayıram. Digər layihələr haqqında indidən danışmaq istəməzdim. Zamanı gələndə məlumat verəcəm.