Noyabrın 5-də Bakıda V Beynəlxalq Teatr Konfransı işə başlayıb.

Gazette-nin məlumatına görə, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən konfransda 40-dan artıq ölkədən 120-dən artıq teatr mütəxəssisi iştirak edir.

 

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ötən beynəlxalq teatr konfransları haqqlnda fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış olublar.

Açılış mərasimi Beynəlxalq Teatr Konfransının tarixini, Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Sonra “British Council Azerbaijan” təşkilatının “Unlimited” proqramı çərçivəsində əlilliyi olan və əlilliyi olmayan insanlardan ibarət yaradıcı qrup səhnədə çıxış edib.

 

Konfransın rəsmi hissəsi Azərbaycan Respublikasının Prezidentinin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu ilə başlayıb. Məktubu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar Siyasət Məsələləri Şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Təbrik məktubundan sonra Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq və Azərbaycan teatrının keçdiyi inkişaf yolundan söz açıb.

 

Daha sonra Beynəlxalq Teatr İnstitutunun Prezidenti Məhəmməd Ələfxam, UNESCO-nun Sülh Uğrunda Artisti, BTİ-nin baş katibi Əli Mahdi, AzTXİ-nin sədri Azər Paşa Nemətov, UNİMA kommunikasiya və ictimai əlaqələr üzrə komissiyanın sədri Katarina Klançnik-Kokutar, GİTİS-in rektoru Qriqori Zaslavski və ASİSTEJ-in prezidenti İvet Hardi çıxış edib.