Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya Fondunun birgə təşkilatçılığı, “Azərxalça” ASC-nin dəstəyi ilə Seul şəhərində “Xalçalar - Azərbaycanın inciləri” adlı sərgi açılıb.

Gazette xəbər verir ki, Cənubi Koreyada Azərbaycan xalçalarının ilk dəfə nümayiş olunduğu sərgi dekabrın 19-dək bir sıra nüfuzlu tədbirlərə ev sahibliyi etmiş Koreya Fondunun Qalereyasında keçirilir.

Sərgidə Azərbaycanın 9 xalçaçılıq məktəbinə (Bakı, Qarabağ, Qazax, Quba, Gəncə, İrəvan, Naxçıvan, Şirvan, Təbriz) aid olan 18 xalça nümayiş etdirilir.

"Xalçalar - Azərbaycanın inciləri" adlı sərgidə Azərbaycan xalçaları ilə yanaşı, milli geyimlərimiz, musiqi alətlərimiz, mədəniyyət nümunələrimizi əks etdirən suvenirlər, o cümlədən Azərbaycan xalçalarına, xalçaçılıq məktəblərinə aid jurnal, kitab və broşürlər nümayiş etdirilib.

Sərgi salonunda milli musiqi sədaları altında Azərbaycan xalçalarının hazırlanması ilə bağlı qısa videoçarx da nümayiş olunub.