Bakı şəhərinin Baş planının hazırlanması işi üçün beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üzrə açıq tender başa çatıb.

Gazette xəbər verir ki, iki mərhələdən ibarət olan bu prosesin birinci mərhələsində görülmüş təhlil və hazırlıq işlərinin davamı olaraq 2018-ci ilin sonunda beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq elan edilmiş tenderin qalibi Almaniyanın “AS+P” şəhərsalma şirkəti seçilmişdir.

Qalib gəlmiş “AS+P” – qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən, geniş beynəlxalq təcrübəyə malik olan aparıcı şəhərsalma və memarlıq şirkətidir. 1964-cü ildə təsis olunmuş “AS+P” şirkəti tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində 2000-dən çox layihə uğurla icra olunub.

Şirkətin təcrübəsi Almaniyanın Münhen, Köln və Frankfurt, Misirin Qahirə və İskəndəriyyə, həmçinin Sürix, Tbilisi, Şanxay, Moskva, İstanbul və bir çox digər tanınmış şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir.

Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi “AS+P” şirkəti ilə birlikdə Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılması fazasına start verir.

Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq.

Baş planın hazırlanması prosesinin 2-ci mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq.

Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. 

“Ərazilərin tarazlı istifadəsi və inkişafı”, “Yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı”, “Ətraf mühitin və ekoloji durumun yaxşılaşdırılması”, “Mühəndis-kommunikasiya sisteminin inkişafı”, “İctimai məkanların inkişafı”, “Əsaslı tikinti və tikinti sıxlığının tənzimlənməsi” və digər proqramlar paytaxtın Baş planı üzərində işin əsas tərkib hissələrindəndir.

Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. 

Qeyd edək ki, tenderin qalibi olmuş "AS+P" şirkəti ilə işlərin həyata keçirilməsi üçün 6 milyon 391,2 min ABŞ dolları məbləğində satınalma müqaviləsi bağlanıb.