Azərbaycanın Energetika naziri Pərviz Şahbazov 30 iyun tarixində Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə yollanacaq.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Mohammad Sanusi Barkindonun dəvəti ilə baş tutacaq səfərdə nazir 1-2 iyul tarixlərində keçiriləcək OPEC-ə üzv və təşkilata daxil olmayan ölkələrin nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşündə iştirak edəcək.

“OPEC+” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Qeyd edək ki, 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin  nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln. barrel azaldılması ilə bağlı razılıq əldə olunub.

“Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısında başa çatır.