Fevral 22-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Heydər Əliyev Mərkəzində Azərbaycan qızılı və gümüşündən istehsal edilən külçə və sikkələrin təqdimat mərasimini keçirib. 

Gazette-nin məlumatına görə, tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov milli qızılımız və gümüşümüzdən sikkə və külçələrin istehsalının “Made in Azerbaijan” brendinin təşviqinə və möhkəmlənməsinə önəmli töhfə verəcəyini bildirməklə yanaşı, qızıl və gümüş məhsulların vətəndaşlara premium-klass keyfiyyət təqdim edəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən “AzerGold”-un İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov qeyd edib ki, ilkin mərhələdə sikkələr Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilib. Növbəti mərhələlərdə üzərində digər tarixi hadisələr, memarlıq və tarixi abidələr, həmçinin milli incəsənət nümunələri həkk olunan sikkələrin istehsalı nəzərdə tutulub.

Qeyd edək ki, 5, 10 və 20 qram çəkidə istehsal edilən sikkə və külçələrin satışı ölkənin zərgərlik mağazaları vasitəsilə həyata keçiriləcək.