Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Gazette-nin məlumatına görə, ölkəmiz oktyabrın 31-də açıqlanan "Doing Business-2019" hesabatında 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

2019-cu ilin hesabatına əsasən Azərbaycan “Müəssisələrin qeydiyyatı” indikatoru üzrə 9-cu, “Mülkiyyətin qeydiyyatı” indikatoru üzrə 17-ci, “Kreditlərin alınması” üzrə 22-ci, “Minoritar investorların müdafiəsi” üzrə 2-ci, “Vergitutma” indikatoru üzrə 28-ci yeri tutub.

Qeydə alınan göstəricilərə görə Azərbaycan iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə yaxşılaşan ölkələr sırasına daxil olub.

Hesabatda qeyd olunur ki, Azərbaycan 2017-2018-ci illərdə biznesin həyata keçirilməsi prosesinin sadələşdirilməsinə yönəlmiş rekord sayda islahatlar keçirib:

“Bu islahatlardan bəziləri institusional dəyişiklikləri ehtiva edir. Azərbaycan tikinti icazəsinin verilməsi üçün “bir pəncərə” sistemini yaradıb ki, bunun sayəsində icazənin alınma müddəti 80 günədək azalıb. Bundan başqa, ilk kredit bürosu yaradılmaqla kreditlərin alınması sadələşdirilib”.

Bundan başqa, hesabatda vurğulanır ki, Azərbaycanda “ASAN Kommunal” mərkəzləri sayəsində elektrik şəbəkələrinə qoşulma prosesi asanlaşdırılıb.

Qeyd edək ki, "Doing Business-2018" hesabatında Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.