Azərbaycanda biznes idarə etməsindəki xanımlar getdikcə fəaliyyət dairəsini genişləndirərək dünya səviyyəsinə çıxır, beynəlxalq platformalarda söz sahibi olduqlarını nümayiş etdirirlər.

Gazette xəbər verir ki, bu günlərdə belə işgüzar xanımlardan biri - Gülnar Həsənova dünya miqyaslı “Stevie Awards” beynəlxalq biznes mükafatına layiq görülüb. O, biznes aləmində “İlin qadını” nominasiyasında gümüş medal qazanıb.

Yüksək uğur əldə edən Gülnar Həsənova haqqında biznes sahəsində İngiltərənin nüfuzlu nəşrlərindən olan "Business Matters" geniş material hazırlayıb.

Məlumat üçün bildirək ki, “Gilan Holding”də pərakəndə portfelinin Baş direktoru vəzifəsini icra edən Gülnar Həsənova hazırda Cambridge Universitetinde Executive MBA dərəcəsi üzrə təhsil alır.

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Gülnar elə ilk magistr dərəcəsini də bu ali məktəbdən əldə edib. Sonradan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Beynəlxalq məşğulluq əlaqələri və İnsan resursları idarə etməsi üzrə ikinci magistr dərəcəsini alıb.

“Stevie Awards” mükafatının sahibi olan G. Həsənova 10 ildən artıqdır ki, aparıcı şirkətlərdə rəhbər vəzifələrdə çalışır.

Pərakəndə satış, daşınmaz əmlak və insan resursları sahəsində təcrübəsi olan xanım biznesin əsas sahələri - marketinq, pərakəndə əməliyyatlar, biznesin inkişafı və s. sahələr üzrə ekspertdir.

Onun rəhbərlik etdiyi “Gilan Retail” portfelinə daşınmaz əmlakın satışı, “Evimiz”, “Ekomobil”, “Vitafarma” və digər mağazalar, “Günaydın”, “Köşem” və s. restoranlar, digər müəssisələr daxildir və rəhbərliyi altında 500 nəfərdən çox işçi çalışır.

Qeyd edək ki, “Stevie Awards” biznes sahəsində ən tanınmış və nüfuzlu mükafatlardan biridir. Hər il bu mükafatı qazanmaq üçün dünyanın müxtəlif ölkələrindən minlərlə şirkət və sahibkarlar yarışırlar.

Müsabiqə ABŞ-da fəaliyyət göstərən “Stevie Awards” təşkilatı tərəfindən keçirilir.

Beynəlxalq Biznes Müsabiqəsində “İlin şirkəti”, “İlin sahibkarı” kimi titullarla yanaşı, “İlin qadını”, ictimaiyyətlə əlaqələr, müştərilərə göstərilən xidmət, insan resursları, informasiya texnologiyaları, menecmentlik, marketinq sahəsində əldə olunan uğurlara görə də şirkətlər və şəxslər təltif olunur.